AZ

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr edilmiş “Onlar indi iqlim barədə danışırlar” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanla münaqişə başa çatdıqdan sonra Azərbaycanın sülhün əldə olunması istiqamətində səyləri, Avropanın enerji təminatı, yaşıl enerji və iqlimin mühafizəsi, COP29-a hazırlıq, eləcə Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizi kimi oynadığı rol, eləcə də digər mühüm mövzulara geniş diqqət ayrılıb.

Məqalənin müəllifi ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və digər rəsmi şəxslərlə görüşlərindən bəhs edib, Bakıda və Ələtdə gördüyü inkişaf prosesini qələmə alıb. Məqalədə Elçin Əmirbəyovun Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dair açıqlamalarına geniş diqqət ayrılıb. Azərbaycan rəsmisi qeyd edib ki, Qərbi Avropada Azərbaycanla bağlı erməni baxış bucağından yanaşma geniş yayılıb. Lakin o, fərqli baxış bucaqlarının bir araya gətirilməsinin mümkün nümunəsini təqdim edib. Belə ki, COP29 İqlim Konfransı ilə bağlı əldə olunmuş razılaşma, əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi etimad yaradan tədbirlərin nəticəsi idi və bu addımların gələcəkdə də mümkünlüyünü nümayiş etdirdi.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan artıq Ermənistanla köhnə münaqişənin dar prizmasından görünmək istəmir. Ölkə xəritədəki mövqeyi, enerji resursları, onların istehsalı və nəqli üçün mühüm məkana çevrilib. Eyni zamanda, COP29 çərçivəsində planetimizdə iqlimin qorunması üçün beynəlxalq müzakirələr Bakıda keçiriləcək və bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev aprelin sonunda Berlində hazırlıq konfransında iştirak edib, burada federal kansler və federal prezidentlə də görüşüb.

Müəllif Bakıda keçirilən enerji mövzusunda beynəlxalq tədbirə də diqqəti yönəldib və Almaniyanın bu tədbirdə 40 nəfərlik nümayəndə heyəti ilə iştirakını ölkəsinin Azərbaycana marağının göstəricisi kimi təqdim edib. Həmin tədbirə qatılan Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycanın enerji daşıyıcıları sahəsində böyük potensiala malik olması, Avropa qaz bazarının şaxələnməyə ehtiyac duyması barədə fikirləri diqqətə çatdırılıb. Azərbaycanın Avropa İttifaqının şaxələndirmə strategiyasında yer aldığı, ənənəvi enerji daşıyıcıları ilə yanaşı, gələcəkdə bərpaolunan enerjinin də Avropaya nəqlinin nəzərdə tutulduğu vurğulanıb.

Məqalənin yekununda Elçin Əmirbəyovun Ermənistanla münasibətlər və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə yer ayrılıb. Azərbaycan rəsmisi Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətə təlqin olunan fikirləri qətiyyətlə rədd edərək bildirib ki, Azərbaycan Naxçıvanla dəhlizin qurulmasına hərbi güc yolu ilə nail olmaq niyyətində deyil. Çünki Azərbaycan heç zaman tarixin yanlış səhifələrində yer almaq istəmir, heç bir ölkənin ərazisində gözü yoxdur və əsas hədəfi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin azad edilməsi idi. Azərbaycanın qeyri-legitim olaraq ərazi iddiaları ilə əlaqəsi yoxdur və beynəlxalq ictimaiyyət də bunu qəbul etməz. Ermənistanın öz maraqlarına xidmət edən, ölkəni təcriddən qurtaran, qonşu ölkələrlə əlaqələrini normallaşdıran və tranzitdən qazanc vəd edən bu dəhlizdən imtina etməsi, ilk növbədə, ona zərər vurur, çünki Ermənistan razı olmadığı təqdirdə həmin yol bir qədər cənubdan – İran ərazisindən çəkiləcək.

Məqalənin sonunda hazırda Azərbaycan ilə Ermənistan arasında mübahisəli sərhəd ərazilərinin demarkasiyası və demilitarizasiyası üzərində iş aparıldığı qeyd edilib. Bildirilib ki, tərəflər arasında fərqli yanaşmalar qalsa da, bunlar daha bir-birini tam şəkildə istisna etmir və mayın ortalarında müvafiq protokolun imzalanması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla