AZ

Zəmanəmizin ən görkəmli siyasi xadimi

Zəmanəmizin

Bakı, 8 may, AZƏRTAC

Tarixdə elə nəhəng zirvələr var ki, ondan uzaqlaşdıqca əzəmətini və böyüklüyünü daha aydın görürsən. Belə zirvələri fəth etmiş ən böyük şəxsiyyət hər zaman güclü və məğrur olmağı bacaran Heydər Əliyevdir.

Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması Ümummilli Lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətidir. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamla addımlar atır. Azərbaycanın ən yeni tarixinin 33 illik bir mərhələsi Heydər Əliyevin adı ilə, titanik fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Ulu Öndər bütün həyatı boyu Azərbaycanın inkişafı və tərəqqisi naminə mübarizə aparıb, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxarmağı bacarıb.

Bu fikirlər Cəfər Cabarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Zəmanəmizin ən görkəmli siyasi xadimi” yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Tarix onun kimi insanları yüz ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri yaxşı başa düşürlər ki, Heydər Əliyev olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik dahi bir insan idi. Onun tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyası müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri tərəfindən çox yüksək dəyərləndirilib. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin onun haqqında söylədikləri fikirlər bu dahinin şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Moskva meri Yuri Lujkov vaxtilə belə demişdir: “Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq”. Amerika tarixçisi O. Aldstad isə “Bütün güclü şəxsiyyətlər kimi, Heydər Əliyev də hamını öz arxasınca apara bilir” - demişdir. İngiltərənin keçmiş Baş naziri M. Tetçerin qənaətinə görə Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi, görkəmli rəssam Nikos Safronov Ulu Öndərin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir. Belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Heydər Əliyev sanki dünyaya elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Dünya siyasətində nəhəng şəxsiyyət olan Ulu Öndər qısa zaman kəsiyində respublikanı yetərincə tanıdaraq dünyanın ölkəmizə qarşı iqtisadi və siyasi maraqlarını artırmışdır. O, Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır.

Azərbaycanın hər bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu Öndər həyatı boyu həmişə xalqa arxalanmışdır. “Mənim həyat amalım, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu Öndərin Azərbaycanla, xalqla bağlı arzuları, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də qəlbində aparırdı. Heydər Əliyev Vətəni üçün, xalqı üçün doğuldu, vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Ümummilli Lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji inkişaf yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.

Ulu Öndərin mənalı ömür yolu vətənə sədaqət nümunəsidir. Bütün dünya bunu yaxşı görüb dərk edir və lazımınca qiymətləndirir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, onun dəyərli irsini örnək kimi qəbul edirlər. Çünki onlar hələ sovetlər zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan Ulu Öndər milli iqtisadiyyatın dinamik inkişafından ötrü əlindən gələni edib. Xüsusən də, ən müxtəlif sahələrdə işləyəcək kadr potensialı yaratmaq onun fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. O zamanlar ölkədə neçə-neçə böyük zavodlar və fabriklər, sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir. Bu müəssisələrin əksəriyyəti indi də fəaliyyətdədir və xalqın firavan həyata qovuşmasına xidmət göstərir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti Ümummilli Liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ulu Öndərin vaxtilə bölgələrə etdiyi səfərlər unudulmazdır. O, pambıq tarlalarında, taxıl zəmilərində, tikinti meydançalarında, üzüm bağlarında tez-tez olur, zəhmət adamları ilə səmimi görüşlər keçirir, böyük layihələrin təməlini qoyurdu. Ümummilli Liderin dövründə yaradılmış istehsal və xidmət müəssisələri onun bilavasitə göstərişləri, layihələri və iradəsi sayəsində meydana gəlmişdir.

“Azərbaycan – Heydər Əliyev” əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Dahi və bənzərsiz şəxsiyyət Azərbaycanın simvoluna çevrilmiş parlaq Günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Ümummilli Liderimiz bu gün aramızda yoxdur. Təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Möhtərəm Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış Dövlət proqramlarının icrası bütün sahələrdə misilsiz bir canlanma, işgüzarlıq ovqatı yaratmışdır. Bu vüsətli quruculuq əhval-ruhiyyəsi ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi şəraitində özünü xüsusilə aydın şəkildə göstərir.

İnanırıq ki, müstəqil Azərbaycan böyük öndərin dühasından bəhrələnərək Böyük sərkərdəmiz, möhtəşəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini, suverenliyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcəkdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla