AZ

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Aqrar

Bakı, 8 may, AZƏRTAC

Aqrar Sığorta Fondu son günlər hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə əkinlərini və təsərrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur.

Sığorta müqavilələrinə əsasən, fermer hadisə baş verdikdən keçən 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməlidir.

Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir.

Xatırladaq ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti, kəskin temperatur dəyişikliyi, bəzi ərazilərdə dolu və qar yağıntısı fermer təsərrüfatlarına zərər vurub.

Mayın 4-dən başlayaraq Fondun Çağrı mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba, Qusar, Xaçmaz, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən ünvanlanıb və arpa, buğda, pambıq əkinləri, alça və gilas bağlarını əhatə edir.

Hazırda fermerlərin müraciətlərinə əsasən hadisədən zərər çəkən təsərrüfatlara aqrar sığorta ekspertləri ezam olunur. Aqrar sığorta ekspertləri sığortalanmış təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
5
Mənbələr
Şərh ()
Bağla