AZ

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Zaqreb, 8 may, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın siyasi xadimləri, parlament üzviləri, dövlət qurumlarının rəsmiləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışaraq, onun dünyaşöhrətli siyasi xadim olduğunu, azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu, müdrik siyasəti və uzaqgörənliyi sayəsində müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, siyasi fəaliyyətinin nəinki Azərbaycanda, dünyanın bir sıra ölkələrində tədqiq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir, Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın dünya miqyasında güclü dövlətə, beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini vurğulayıb.

Diplomat, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı misilsiz xidmətlərini vurğulayaraq, onun dövlətçiliyimizin çətin məqamında hakimiyyətə gəldiyini, çoxsaylı daxili və xarici təhdidlərə baxmayaraq müstəqilliyimizi xilas etdiyini bildirib. Qeyd olunub ki, ölkəmizin həqiqətən müstəqil və güclü dövlətə çevrilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin bugünkü sürətli iqtisadi inkişafı, məhz Ulu Öndər tərəfindən zamanında atılmış addımların və verilmiş müdrik qərarların nəticəsində mümkün olub.

Ulu Öndərin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan səfir, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğurlar və nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tam bərpa etdiyini, bu böyük qələbənin məhz Ulu Öndərin mühüm addımlarının nəticəsində əldə etməyin mümkün olduğu diqqətə çatdırılıb.

Tədbirdə musiqiçilər Səxavət Məmmədov və Fərdin Məhəmmədzadə tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib, Ulu Öndərin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla