AZ

ABŞ səfiri əvvəl belə dedi, sonra sözünü dəyişdi- Şuşaya niyə getdi?...

Image

Turab Rzayev: “Fikirləşirlər ki, bu məsələlərdə Azərbaycan dövlətinin həssas nöqtələrinə toxunmaq lazım deyil”

Bir neçə gün əvvəl ABŞ səfiri Libbi Şuşaya səfər etməməsinin səbəbini “azad edilən torpaqların fərqi” və “şoularda iştirak etmək istəməməsi” ilə əlaqələndirmişdi. Bu müsahibəsindən cəmi iki gün sonra Libbi Şuşaya səfər etdi və Cıdır düzündən xoş video-müraciət yaydı.

ABŞ səfirinin bir-biri ilə uzlaşmayan bu iki addımını nə ilə izah etmək olar?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, birinci cavab əslində çox da dərindən düşünülməmiş bir cavab idi: ”Burada səfir məsələyə hazırlıqlı olmayıb və ya bu sualın verilməsini gözləmirdi. Ona görə də bu suala sanki təxribata çəkilirmiş kimi cavab verir. Ancaq daha sonra bu məsələ ilə bağlı böyük ehtimal ABŞ Dövlət Departamentində də məsləhətləşdilər. Ümumiyyətlə, bu məsələyə Azərbaycanın ərazi bütövlüyü cəhətdən yanaşılmasının lazım olduğu ona izah edilib. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanın ərazi bütövlüyü, Qarabağ üzərindən Azərbaycanın süverenliyi məsələsini nəzərə alaraq, bildirmək istəyirəm ki, hər üçündə ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir. Ola bilsin ki, Şuşada, Xankəndidə sonradan ermənilərin tikdikləri hansısa kilsə, abidələrlə bağlı və ya ermənilərin köçməsi ilə əlaqəli fikir ayrılıqları var. Ancaq digər məsələlərdə, süverenlikdə, Azərbaycanın ərazi bütövlüyündə, Qarabağın Azərbaycana aid olmasında prinsipial fikir ayrılığı yoxdur. Yəqin fikirləşirlər ki, bu məsələlərdə Azərbaycan dövlətinin həssas nöqtələrinə toxunmaq lazım deyil. Bu dəfə səfir daha yaxşı hazırlaşıb. Təsadüfi deyil ki, videoda çox maraqlı ifadə işlətdi. Səfir bildirdi ki, bu səfərə iki aydır hazırlaşır. Buradan iki fərqli mesaj çıxarmaq olar. Birincisi, səfir keçən il verdiyi açıqlamanın üzərindən keçmək istəyir, xoş bir təəssurat buraxmağı hədəfləyir. Ola bilsin ki, belə bir səfəri əslində planladığını bildirmək istəyir. Yəni bu heç bir təzyiqin və ya sualın nəticəsi deyil. Digər bir ehtimal da ondan ibarətdir ki, ABŞ bu günlərdə  Azərbaycan dövləti ilə çox həssas bir münasibətlər müstəvisindən keçir. Hətta bir ara münasibətlər kifayət qədər gərginləşmişdi. Noyabrda gələn zəng ilə yenidən normallaşdı. Burada da belə bir mövqe ortaya qoyula bilər ki, ABŞ Azərbaycan tərəfinə münasibətləri hansısa şəkildə daha da sərtləşdirmək üçün əlavə səbəb vermək istəmir. Yaxud da bu prosesi ABŞ və Azərbaycan arasında noyabrdan başlayan yumşalma dalğasının bir tərkib hissəsi kimi görmək olar. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, vaxtaşırı olaraq prezident İlham Əliyevlə dövlət katibi Blinken arasında telefon rabitəsi baş tutur. Belə danışıqların birində Prezident Əliyev bu məsələni irad kimi də bildirə və Dövlət Departamenti də bununla bağlı səfirə uyğun təlimat verə bilərdi. Görünür, prosesləri qabaqlamaq daha məqbul sayılıb”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq