AZ

Acun Ilıcalı “Hall Siti”nin baş məşqçisini istefaya göndərdi

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu “Hall Siti” klubunda əsas komandanın baş məşqçisi Liam Rosenyor istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstefaya bu komandanın İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq şansını itirməsi səbəb olub. Belə ki, Çempionşipdə 2023/2024 mövsümünü 7-ci yerdə başa vuran kollektiv Premyer Liqaya birbaşa vəsiqə qazana bilməməsi azmış kimi, pley-off görüşlərində də iştirak hüququ əldə edə bilməyib. Bu üzdən də Acun Ilıcalı mövsümün əsas hissəsi yekunlaşan kimi baş məşqçi postunda dəyişiklik etməyə qərar verib.

İngiltərə mətbuatının yazdığına görə, “Hall Siti” Çempionşipdə mövsümün əsas hissəsinin son turunda səfərdə “Plimut”la qarşılaşıb. Bu oyundakı 0:1 hesablı məğlubiyyətin ardından klubun sahibi ilə Liam Rosenyor arasında görüş baş tutub. Məhz bu görüşdən sonra 39 yaşlı mütəxəssisin istefası rəsmiləşib.

Acun Ilıcalı ayrılıqdan sonra verdiyi açıqlamada bunları qeyd edib: “Bu, qəbul etməli olduğum ən çətin qərarlardan biri oldu. Liamın gəlişindən bəri açıq iş münasibətimiz olub və şübhəsiz ki, onun fəaliyyəti dövründə irəliləyişlər var idi. O, həmişə bu ailənin bir hissəsi olacaq və mən ona bütün işlərinə görə təşəkkür edirəm. Biz bu klubu irəli aparmağa davam edəcəyik və bunu edərkən azarkeşlərimizlə açıq və şəffaf olmağa davam edəcəyəm”.

Xatırladaq ki, Liam Rosenyor 2022-ci ildən “Hall Siti”dəə baş məşqçilik edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla