AZ

Alman faşizmi üzərində qələbədən 79 il ötür

Image

1945-ci il mayın 8-də axşam saatlarında sovet radiosunun məşhur diktoru Yuri Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. Bundan 35 dəqiqədən sonra onun əzəmətli, nadir tembrə malik nüfuzedici səsi ilə Almaniya üzərində qələbə qazanıldığı elan olunur.

Sovet ordusu Şimali Qafqazdan başlayaraq düşmən yuvasının mərkəzi Berlinə qədər uzanan yolu 1 418 günə qət edib. Faşizm üzərində qələbə 20 milyon insanın qanı bahasına qazanılıb. Bu müharibə imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar və ədalətli savaş hesab olunur, Hitler Almaniyası tərəfdən isə işğalçı xarakter daşıyırdı.

Həqiqətən də Bakı nefti Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Əbəs yerə deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar çıxarılmışdı.

Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdə müharibə aparan Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması Qələbəyə verilən əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bundan sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə nail oldu.

Müharibə illərində Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı göndərib, azərbaycanlılar döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallığı ilə seçilib. Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü olaraq savaşa atılıb. Azərbaycan xalqı cəbhəyə ümumilikdə 640 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.

Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Azərbaycandan olan döyüşçülər bir sıra Avropa ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
baki-xeber.com

4Mənbələr