AZ

Mövsümündə satılmayan qarpız...

Hansı təhlükələrə yol açır?

Yeganə BAYRAMOVA

Məlumdur ki, qarpız və yemiş kimi giləmeyvələrdən ənənəvi olaraq yay aylarında istifadə edilib. Ölkəmizdə qarpızın təbii yetişmə vaxtı avqust ayı olsa da, bizə yaxın olan bəzi xarici ölkələrin yay iqlimi quraq və isti olduğundan qarpız və yemiş həmin ölkələrdə daha tez yetişir və satışa çıxarılır. Adətən Azərbaycanda qarpızın kütləvi satışı iyunun əvvəllərindən başlayır. Hətta mütəxəssislər iyunda yeyilən qarpızın belə insan səhhəti üçün zərərli olduğunu bildirirdilər. Buna baxmayaraq, bu il qarpızların çox tez satışa çıxarıldığına şahid olduq. Artıq aprel ayından etibarən satışda qarpızlar var.

Bundan əlavə, aprel ayında çiyələk, alça, mayda gilas, gilənar kimi giləmeyvələr də satışa çıxarılır. Baxmayaraq ki, bu meyvələrin hərəsinin öz mövsümü olmalıdır. Mütəxəssislər də hər meyvənin öz mövsümündə yeyilməsini məsləhət görür və vaxtından tez bazara çıxarılan meyvələrin kimyəvi dərmanlardan istifadə edilərək tez yetişdirildiyini bildirirlər. Bunun da insan orqanizminə ziyanlı olduğu danılmazdır.

Təbiətin qanunlarını pozmaq olmaz...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, xaricdən idxal olunan qarpızlar hibrid qarpızlardır. Çünki, vaxtından tez yetişir: “Azərbaycanda qarpız sezonu avqustun axırı və ya sentyabr ayının əvvəlləridir. Lakin, xaricdə hibrid toxumları çox yayıldığı üçün vaxtından əvvəl satılan qarpızlar yerli deyil. Artıq Azərbaycanda da hibrid toxumlarının satışına başlanılıb. Təəssüflər olsun ki, bunu tərifləyən mütəxəssislər də var. Təbiətin qanunlarını heç vaxt pozmaq olmaz. Əgər təbiət bu qarpızı avqust və ya sentyabrda iqlim şəraitinə görə yetişdirirsə, deməli o vaxta yemək lazımdır. Məsələn, İran bizdən isti ölkə olduğu üçün orada iyunda qarpız yetişə bilər. Amma bu o demək deyil ki, biz onu vaxtından əvvəl yeməliyik. Kənardan gələn meyvə-tərəvəzin bizə heç bir faydası yoxdur. Çünki bunlar bizim genetik kodlarımıza daxil deyil. Yəni, genetik kodlara piqmentlər daxildir. Bir sözlə, mövsümündə yeyilməyən meyvənin heç bir faydası yoxdur”.

Zəhərlənmə riski yüksəkdir...

Ekspertin sözlərinə görə, hazırda satışda olan qarpızlara gübrənin nə qədər vurulduğunu bilmirik: “Əgər hibrid toxumdursa, gübrədən geniş istifadə olunur. Bu da qarpızın nitrat səviyyəsinin yüksək olduğunun göstəricisidir ki, insanlarda zəhərlənmə yaradır. Yəni, immun sistemi zəif olan adam həmin o qarpızdan yesə, zəhərlənmə riski daha yüksəkdir. Ümumiyyətlə, bu işbazlara da yer verən biz özümüzük. Onlara yol açırıq ki, gəlin bunu satın alacağıq. Parnikdə bitən tərəvəzin insana nə xeyri ola bilər ki? Gübrədən geniş istifadə olunduğuna görə, zəhərlənmə halları çox olur. Riskli qidalar yalnız ət mənşəli olmur. Meyvə-tərəvəz də riskli qida qrupuna daxildir”.

M.Hüseynovanın sözlərinə görə, insanlar bilməlidir ki, nitrat və kimyəvi gübrələr insan orqanizmini zəhərləyə bilir. Bu cür vasitələrdən yalnız çox az doza ilə istifadə etmək olar: “Lakin ölkəmizdə həm nitratdan, həm də kimyəvi gübrələrdən normadan artıq istifadə olunur. Ona görə də alıcılara tövsiyə edirəm ki, mümkün qədər bu cür mövsümü olmayan məhsullardan istifadə etməsinlər”.

Satıcılara aldanmayın...

Mövsümdən öncə yeyilən qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirdi ki, xüsusilə həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hamilə qadınlar üçün daha təhlükəlidir: “Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızları mövsümdən əvvəl yemək məsləhət görülmür. Hətta bir çox hallarda satıcılar məhsulun isti ölkələrdən gətirildiyi üçün heç bir zəhərlənməyə səbəb olmayacağını deyirlər. Amma onlara aldanmaq olmaz”.

Hansı məqamlara diqqət etməliyik?

Mütəxəssis bildirib ki, həmçinin mövsümündə bitən qarpızı seçmək üçün bəzi məqamlara diqqət etməliyik: “Olğunlaşmamış, yəni yetişməmiş qarpızı satmaq düzgün deyil. Bəzi işbazlar avqust-sentyabr aylarında da bu əməllərindən əl çəkmirlər. Qarpızın saplağına baxmaq lazımdır. Əgər saplaq quruyubsa, deməli, onun içi də yetişib. Yox, əgər saplaq yaşıl rəngdədirsə, demək ki, içi yaxşı deyil. Digər məqam isə qarpıza yumruq vuranda şüşə səsi kimi bir səs gəlməlidir. Sanki bu dəqiqə əlimizdə çatlayacaq. Bu qarpızları seçmək daha məqsədəuyğundur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr