AZ

Arne Slot: “Tezliklə “Liverpul”la bağlı məlumatlar olacaq”

“Feyenoord”un baş məşqçisi Arne Slot, onun İngiltərənin “Liverpul” klubuna təyinatının tezliklə açıqlanacağına eyham vurub.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrilərini təqdim edir:

“Əgər mənim keçidim rəsmən təsdiqlənsə, İngiltərəyə gedəcəyəm və mersisaydlıların iştirakı ilə çoxlu oyunlara baxacağam! Bəzən həyatda fürsətlər yaranır və ürəyinizin sizə nə dediyini dinləməlisiniz. Seçimimi etmişəm. Növbəti günlərdə və həftələrdə daha çox xəbər olacaq”, deyə Slot vurğulayıb.

Xatırladaq ki, Arne Slot 2021-ci ilin iyul ayından “Feyenoor”da rəhbərlik edir. 45 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 146 oyuna çıxarıb. Bu görüşlərdə 95 qələbə qazanmış Slotun komandası 27 heç-heçə edib, 24 məğlubiyyətə üzülüb. Slot “Feyenoor”du 2022/2023 mövsümündə Niderland çempionu edib, 2023/2024 mövsümündə isə bu komandaya ölkə kubokunu qazandırıb.

Daha öncə “Kambur” və “Alkmaar”da köməkçi-məşqçi kimi çalışmış Slot, “Feyenoor”dan öncə “Alkmaar”ın da baş məşqçisi olub.

“Liverpul”a gəlincə, uzun illərdir bu komandaya rəhbərlik edən Yurgen Klopp cari mövsüm bitən kimi İngiltərə klubundan ayrılacaq. O, bu qərarını hələ bir neçə ay öncədən bəyan edib. Almaniyalı mütəxəssis artıq məşqçilikdən yorulduğunu və istirahətə ehtiyacının olduğunu bildirib.

56 yaşlı məşqçi “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.

“Liverpul” Klopun rəhbərliyi altında 487 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 303 qələbə qazanıblar, 99 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1083:547 nisbətindədir.

Hazırda Yurgen Klpopun “Liverpul”u İngiltərə Premyer Liqasının yarış cədvəlində 36 oyundan 78 xalla 3-cü pillədə qərarlaşıb. Güman ki, “qırmızılar” mövsümü elə, bürünc medalla da başa vuracaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla