AZ

Azərbaycanda söz və mətbuat azadlığının durumu – Hədəflər və vəzifələr

Dünyanın ən böyük və əvəzolunmaz nemətlərindən biri azadlıqdır. “Nə şirin sözdür, azadlıq” kəlməsi də hər birimizə yaxşı tanışdır. Bəşəriyyət azadlığın sözdə, düşüncədə, fikir müxtəlifliyində olmasını böyük nailiyyət hesab edir.

Azərbaycanın qüdrətli söz ustadı və mütəfəkkiri Nizami Gəncəvi yoxdan var olan sözü “dünyanın naxışı” adlandırıb. “Sözdən incə, kəsərli heç nə yoxdur həyatda”, – deyib dahi şair.

Söz, ifadə azadlığı, fikir müxtəlifliyi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. İstənilən ölkədə, o cümlədən Azərbaycanda azad medianın fəaliyyət göstərməsi, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri sayılır. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

3

Məhz bu prinsiplər kütləvi informasiya vasitələrinin (KİV) meydana çıxmasına səbəb olub. Dördüncü hakimiyyət hesab olunan KİV cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirmə funksiyasını yerinə yetirir.

Azərbaycan üçün qürurverici məqamlardan biri də milli mətbuatımızın 1875-ci ildə əsasının qoyulması ilə bağlıdır. Bu möhtəşəm tarix görkəmli publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. XIX əsrin sonları – XX əsrin əvvəllərinin bütün dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi. Azərbaycan mətbuatının inkişafında 1906-cı ildən dərc olunmağa başlayan “Molla Nəsrəddin” jurnalının təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynayırdı. Bu dövrün “İqbal”, “Dirilik”, “Təkamül”, “Açıq söz”, “İstiqlal” və digər mətbu orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, milli məfkurənin təşəkkülünə əvəzsiz yardım edirdi. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün milli mətbuatın başlıca şüarına çevrilərək, ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi.

Qürurverici məqamlarından digəri isə Azərbaycan Xalq  Cümhuriyyətinin dövründə ölkə parlamentinin 1919-cu il 30 oktyabr tarixli qərarı “Mətbuat haqqında nizamnamə” qəbul etməsi olub.  Həmin sənəddə göstərilir ki, “Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması, habelə çap məhsulunun nəşri və satılması üçün hökumət idarələrinin heç bir icazəsi tələb olunmur”. Dövri nəşrlərin təsis olunması üçün ancaq öz məqsədləri barədə mətbuat işləri üzrə baş müfəttişə ərizə təqdim edilməsi kifayət idi.

AXC hökuməti mətbuat azadlığını milli şüurun, mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Çünki Cümhuriyyət yaranana qədər çar Rusiyasının işğal etdiyi Azərbaycanda mətbuat azadlığı yox idi. Ana dilində yazıb oxumaq, məktəblər açmaq böyük maneələrlə qarşılaşır, qəzet və jurnallar ciddi senzuraya məruz qalırdı. Çarizmin Azərbaycan xalqını uzun müddət milli müstəmləkə əsarətində saxlaması milli şüurun, mədəniyyətin inkişafına ağır zərbə vururdu.

AXC hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olundu. İki il ərzində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxdı. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından ölkə həyatının canlı salnaməsinə çevrildi. “İstiqlal”, “Azərbaycan”, “İttihad”, Qurtuluş” və digər mətbu orqanlarında milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.

Rus bolşeviklərinin Azərbaycanı işğal etməsi nəticəsində AXC-nin süquta uğraması ilk növbədə demokratiyaya və onun əsasını təşkil edən söz, ifadə azadlığı, fikir müxtəlifliyi prinsiplərinə böyük zərbə vurdu. Sovet imperiyasının 1920-ci ildən başlayaraq Azərbaycanda azadlıqsevər, milli məfkurə daşıyıcıları olan ziyalılara qarşı həyata keçirdiyi repressiyalar uzun illər söz, ifadə azadlığı və fikir müxtəlifliyi kimi demokratik dəyərlərə ağır zərbələr vurdu.

Xalqların həbsxanasına çevrilmiş sovet imperiyasında kommunistlərin başçısı Nikita Xruşşovun və Mixail Qorbaçovun demokratik “islahatlar” adı ilə həyata keçirmək istədikləri dəyişikliklər birincinin zorən istefaya göndərilməsi, ikincinin isə dövlətsiz prezident durumuna düşməsi ilə nəticələndi. Sovetlərin işğal etdikləri respublikaların, hətta Rusiyanın da öz müstəqilliyini elan etməsi SSRİ-nin tarixin zibilxanasına göndərilməsi ilə nəticələndi.

Əslində, ölkəmizə düşmən münasibəti bəsləyən Mixail Qorbaçovun elan etdiyi “yenidənqurma”, “plüralizm” kimi fikirlər Azərbaycana rəhbərlik edən Kamran Bağırov hakimiyyətinə bir o qədər də təsir etmirdi. Lakin ermənipərəst M.Qorbaçovun Qarabağla bağlı bütün qırmızı xətləri keçməsi, torpaqlarımızın Ermənistana verilməsi istiqamətində apardığı siyasət Azərbaycanda milli mətbuat nümayəndələrinin ayağa qalxması, “Azərbaycan”, “Azadlıq”, “7 gün”, “Aydınlıq”, “Səhər” və digər populyar qəzetlərin yaranması ilə nəticələndi. Bu qəzetlər ölkəmizdə başlanan milli-azadlıq mübarizəsini əks etdirir, demokratik dəyərləri müdafiə edir, Kremlin üç üzünü açır, xalqımıza və respublikamıza qarşı hazırlanan bütün qara niyyətləri ifşa edirdi. Azərbaycanda söz və ifadə azadlığının, fikir müxtəlifliyinin güclənməsinə Qorbaçovun göstərişi ilə xalqımıza qarşı törədilən 20 Yanvar kimi qanlı hərbi cinayət belə mane ola bilmədi. Ağır mübarizə şəraitində KİV nümayəndələri böyük fədakarlıq göstərərək, Bakıda baş verən dəhşətli qırğını bütün dünyaya çatdırmağı bacardılar.

Nəhayət, Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan etməsi ölkəmizdə söz, ifadə azadlıqlarının, fikir müxtəlifliyinin inkişafına gətirib çıxardı. Amma bu dövrdən başlayaraq Azərbaycan mətbuatı həm də itkilərə məruz qaldı. Qarabağda baş verənləri dürüstcəsinə ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışan Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev kimi tanınmış KİV nümayəndələri erməni faşizminin qurbanı oldular.

Məhz söz, ifadə azadlıqlarının və fikir müxtəlifliyinin inkişafı 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını alan amillərdən birinə çevrildi. Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin söz, ifadə azadlığından, fikir müxtəlifliyindən və medianın gücündən məharətlə istifadə etmək bacarığı Azərbaycanda vətəndaş müharibəsinin, ölkəmizin parçalanmasının qarşısını aldı, dövlət müstəqilliyimizin dönməz xarakter almasına, və inkişafının əsasının qoyulmasına gətirib çıxardı.

Azad

Onun ölkəyə rəhbərlik etdiyi dövrdə media sektoruna aid xeyli ciddi addımlar atıldı. 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq olaraq, Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. 1999-cu ilin sonunda isə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun qəbul olundu.

2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

Prezidentin baş redaktorlala görüşü nəticəsində bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı.

Jurnalistlər də bu tarixi şəxsiyyətin milli mətbuatın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirdilər. 2002-ci ildə Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Mükafatın təqdim olunma mərasimində çıxış edərkən Heydər Əliyev jurnalistlərin addımını qeyri-adi hadisə kimi qiymətləndirdi: “İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam. Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə “Jurnalistlərin dostu” kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost nə deməkdir. Dedilər ki, Siz indi dostsunuz. Dedim, Allaha şükür olsun ki, nəhayət dost olduq. Ancaq jurnalistlər də bilirlər ki, – burada artıq deyildi –, Azərbaycanda mətbuat azadlığı, mətbuat son illər nə qədər çox inkişaf edibdir. Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır”.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. İndi İlham Əliyevin yerli KİV nümayəndələrinə müsahibələri artıq xoş ənənəyə çevrilib. Milli mətbuatın yaranmasının 130, 135 və 140 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, hər il qəzetlərə, internet saytlarına birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib.

“Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin. Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da – söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”, – deyə İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədi.

Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, sonrakı dövrdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Medianın İnkişaf Agentliyinin (MEDİA) və Ausiovizual Şuranın yaradılması bu sahədə ciddi dönüşün və irəliləyişin yaranmasına gətirib çıxardı. Mütəmadi olaraq keçirilən yazı müsabiqələri, KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-lərin layihələrinə maddi dəstəyin göstərilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynamaqdadır.

Bundan başqa, Prezident İlham Əliyev milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzaladığı Sərəncam əsasında 2013-cü və 2017-ci illərdə jurnalistlərə yeni mənzillər verildi.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2 dəfə – 2010-cu ildə və 2013-cü ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirdiyi sorğuya əsasən, “Jurnalistlərin dostu” mükafatının qalibi olub.

AbzasMedia

Azərbaycan dövləti 35 illik münaqişə tarixinə, 30 ilə yaxın müharibə şəraitinə rəğmən, ölkəmizdə söz, fikir, məlumat azadlığını qorumağa, pluralizmi inkişaf etdirməyə çalışır. Bu siyasət erməni faşizmi nəticəsində milyona yaxın azərbaycanlı qaçqının və məcburi köçkünün fundamental azadlıqlarının kobudcasına tapdandığı, Azərbaycanın əzəli bölgəsi olan Qarabağın işğalda olduğu bir şəraitdə həyata keçirilib.

Ölkəmizin demokratik dəyərlərin ayrılmaz tərkib hissəsi olan söz, mətbuat azadlığına, fikir müxtəlifliyinə sadiqliyini İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir” fikri də təsdiqləyir.

Xatirə SADİQ,

KONKRET.az

Medianın

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq