AZ

ATU-dan ŞİKAYƏT: “Apellyasiyaya verilən hər əsassız testə görə tələbənin yekun nəticəsindən bir bal silinəcək”

Tibb Universitetində oxuyan tələbələr imtahanöncəsi elan edilən yeni nizam-intizam qaydalarında yer alan bəzi bəndlərdən narazıdırlar.

Bu barədə Oxu.Az-a Azərbaycan Tibb Universitetində (ATU) oxuyan bir qrup tələbə tərəfindən göndərilən şikayətdə qeyd edilib.

Tələbələr iddia ediblər ki, imtahanlara 15 gün qalmış universitet daxilində müəllimlər tərəfindən elan edilən yeni nizam-intizam qaydaları onları narahat edir:

“İmtahanda nəzarətçilərin müvafiq göstərişləri, texniki vasitələr və yazılı vərəqlərlə bağlı məqamlar hər kəsə aydındır. Bu qaydalar birmənalı olaraq bütün ali təhsil müəssislərində və imtahan proseslərində eynidir. Lakin bizi narahat edən imtahan nəticələrindən asılı olaraq tələbələrin apellyasiya vermək hüququna edilən dəyişiklikdir. Belə ki, müəllimlər bizə bildiriblər ki, artıq apellyasiya verilən hər əsassız testə görə tələbənin yekun balından bir bal silinəcək. Bu nə qədər doğrudur? Tələbənin apellyasiya verməkdə məqsədi onsuz da suala verdiyi cavabın düzgün qiymətləndirilməməsini düşünməsidir. Doğru verdiyimiz cavabların gətirdiyi bal hansı əsasla silinə bilər? İmtahanöncəsi bu addım tələbələri əsassız yerə stresə salmaqdan başqa bir şey deyil. Xahiş edirik universitet rəhbərliyi bu məqamı nəzərə alsın. Heç bir təhsil müəssisəsində belə qayda yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, universitetdə bir sıra nizam-intizam qaydalarına riayət olunur:

“İmtahanların obyektiv keçirilməsi üçün də müvafiq qaydalar var. Nəzarətçilərə verilən təlimatlarda eyni fənlərdən imtahan verən tələbələrin yanaşı oturmaları qadağan olduğu üçün imtahan zalına daxil olarkən tələbənin hansı masa arxasında əyləşəcəyi müvafiq olaraq təyin edilir. Digər tərəfdən tələbənin texniki vasitə və yazılı vərəqlə imtahana gəlməsinə heç bir ali təhsil müəssisəsində icazə verilmir. Bu da birmənalıdır. O ki qaldı sonuncu bənddə apellyasiya məsələsi ilə bağlı məqama, Azərbaycan Tibb Universitetində belə bir qayda yoxdur. Sadəcə bu məsələ hazırda müzakirə mərhələsindədir. Qeyd edim ki, bu qayda bir çox ali təhsil müəssisəsində tətbiq edilir və məqsəd əsassız apellyasiya şikayətlərinin qarşısını almaqdır. Amma yenə də qeyd edirəm ki, hazırda ATU-da belə bir yenilik tətbiq edilmir”.

Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla