AZ

Ruhumuzun beşiyi-Şuşa » AzadMedia.az


“Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır”.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdiyi kimi, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Şuşaya səfər edən hər kəs burada erməni vandallığının izlərinin silindiyinin, qalanın milli ruhunun özünə qaytarıldığının, günbəgün çiçəkləndiyinin şahidi olur. Bütün bu işlər birbaşa ölkə Prezidentinin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Qarabağın baş tacının dirçəldilməsi, tarixi əzəmətinə qovuşdurulması dövlət başçımızın ən ümdə prioritetlərindəndir.
Xalqına verdiyi bütün vədlərin arxasında dayanan ölkə Prezidenti bu gün də illər öncə verdiyi sözü tutmuş oldu.Bunun bariz nümunəsi olaraq cari ilin may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.Dövlətimizin başçısı və birinci xanım Şuşaya ilk köç edən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim ediblər. Görüş zamanı ölkə başçısı çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesajlar verib. Vurğulanıb ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışır və bizim xalqımıza hörmət edirlər. “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, – deyən dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.
İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, Şuşanın tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar.
Prezidentimiz bir daha bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələr, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
azadmedia.az

3Mənbələr