AZ

Paşinyan "Dünya Demokratiya sammitində" sülh sazişi barədə təzə fikir söylədi...

Image

Arzuxan Əlizadə: “Nikol yaxşı bilir ki, vaxtı düzgün dəyərləndirsə, mövqelərini qoruya biləcək”

“Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün problemlərə baxmayaraq, demokratiyanın əsl yoldaşının davamlı və sabit sülh olduğuna inanır: “Hökumət buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz, sadəcə,  Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Almatı Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən inzibati sərhədləri bərpa etməliyik”.

“Söhbət sülh sazişinin imzalanmasından və kommunikasiya xətlərinin açılmasından gedir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Paşinyan bununla maksimum prosesləri sürətləndirmək istəyir: “Paşinyan görür ki, reytinqi aşağı düşsə də onun tərəfdarları daha çoxdur. Nikol yaxşı bilir ki, vaxtı düzgün dəyərləndirsə, mövqelərini qoruya biləcək. Yəni burda söhbət sülh sazişinin imzalanmasından və kommunikasiya xətlərinin açılmasından gedir. Ermənistanın 4 kəndin qaytarılmasına razılıq verməsi, Almatı görüşündən sonra iki dövlətin nazirləri və mütəxəssislərinin bu sənədlərin üzərində ciddi işləməsi ondan xəbər verir ki, Paşinyan prosesi tezləşdirmək istəyir. Ermənistanda revanşistlərin təşkil etdiyi mitinqlər fonunda anlayır ki, sülh sazişi tezləşdirilməsə zaman onun əleyhinə işləyəcək. Çünki sülh sazişinin yubanması Ermənistanın geosiyasi mübarizə poliqonuna çevrilməsi deməkdir. Ermənistan kimi kiçik və resursları məhdud olan ölkə bunun altından çıxa bilməz. Bu üzdən, Paşinyan beynəlxalq tədbirlərdə sülh mesajları verir ki, özünə dəstək qazansın. Baxın, Almatı danışıqlarını ABŞ, Avropa İttifaqı, Rusiya və hətta Fransa belə dəstəklədi. Bu, həm də onunla əlaqədardır ki, Ukrayna müharibəsi fonunda böyük dövlətlər yeni qarşıdurma zonasının yaranmasını istəmir. Bu, həm logistika zənciri ilə bağlıdır, həm də digər məsələlərlə əlaqədardır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
baki-xeber.com

1Mənbələr