AZ

Kənd təsərrüfatının inkişafına yönəldilən səylər təqdirəlayiqdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycanda aqrar sahənin inkişafına qayğı və diqqətin artırılması son illər öz yaxşı nəticələrini verir və qeyri-neft sektorunun irəliləməsinə yeni imkanlar yaradır.“ Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ölkədə həyata keçirilən aqrar islahatlar, sahibkarlara dövlət dəstəyi, fermerlərin kənd təsərrüfatı alətlərinə əlçatanlığının təmin edilməsi, innovasiyalara meydan verilməsi, kadr hazırlığının təkmilləşdirilməsi, aqrar sığortanın tətbiqi, bir çox forum və səmərəli tədbirlərin keçirilməsi inkişafa təkan verməklə bərabər, kəndçinin də həyatını mənalandırır, qazancını artırır, güzəranını yaxşılaşdırır.

“Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “İnter Food Azərbaycan” sərgiləri bir daha göstərir ki, Azərbaycan hakimiyyəti ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsində maraqlıdır və bu sahədə xarici ölkələrlə əməkdaşlığın, əlaqələrin genişləndirilməsinə böyük önəm verilir. Sərgi iştirakçıları arasında Azərbaycanla bərabər Türkiyə, Rusiya Federasiyası, ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Serbiya şirkətlərinin yer alması milli maraqlardan irəli gəlir və bilavasitə gələcək inkişafa hesablanmışdır.

Caspian Aqronun bölmələrində kənd təsərrüfatı texnikası, obyektləri və avadanlığı, suvarma sistemləri, qablaşdırma, innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzin yetişdirilməsi nümayiş etdirilir və bu böyük maraq doğurur. Çinin, Belarusun, Hindistanın, İranın, İtaliyanın, Polşanın, Şri-Lankanın, Rusiya Federasiyasının, Türkmənistanın və digər ölkələrin təmsil olunduğu Beynəlxalq Qida Sənayesi sərgisi də qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətlidir. Bu əməkdaşlıq idxal-ixrac mübadiləsinin genişləndirilməsində, insanların keyfiyyətli qida məhsulları ilə təminatında mühüm rol oynaya bilər. Sərgilərin əvvəlkilərə nisbətən daha geniş formatda təşkili və burada nümayiş etdirilən, avadanlıqların, məhsulların müxtəlifliyi, göstərilən maraq, belə tədbirlərin keçirilməsinin vacibliyini zərurətə çevrilməklə yanaşı, kənd təsərrüfatının inkişafına töhfələr verəcəyinə böyük inam yaradır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
sia.az

1Mənbələr