AZ

Ermənistan daxilindəki qüvvələr dərk etməlidirlər ki...

Ermənistandakı xaos həm dərinləşir, həm də geniş miqyas alır. Bu vəziyyətdə hakimiyyət öz gücünü göstərməlidir. Prinsip etibarilə, Ermənistan reallıqlarında əks-spiral hərəkəti hər zaman mövcuddur və bu hərəkətin qarşısını almaq üçün Nikol Paşinyan, əlbəttə ki, fövqəladə tədbirlər görməlidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikri siyasi şərhçi Tofiq Abbasov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı siyasətinə qarşı İrəvanda keçirilən etiraz aksiyalarını şərh edərkən bildirib.

“Hazırda Ermənistanda baş verənlər sıradan çıxmış köhnə ilə yeninin mübarizəsidir. Təbii ki, yeniliyi Paşinyan və onun komandası təmsil edir. Azərbaycanın dörd kəndi öz həqiqi sahibinə qaytarıldıqdan sonra əvvəlcə narazı qüvvələrin qara-qışqırığı başladı, sonra birdən-birə “bu kəndlər heç vaxt erməni kəndi olmayıb”, “onlar Azərbaycan kəndləridir”, “biz onları qaytarmalı idik” deyən ağlı başında olan insanların səsini eşitdik. Burada insanlarda gələcəyə ümid yaradan Paşinyana haqq qazandırmağa dəyər”, - deyə həmsöhbətimiz qeyd edib və əlavə edib ki, hazırda sosial şəbəkələrin erməni seqmentində sağlam düşüncəli səslər, təmkinli mühakimələr çoxluq təşkil edir.

Onun sözlərinə görə, Ermənistan özünün yeni tarixinin son otuz ildən də artıq müddətini itirib, çünki o, özgəninkiləşdirmə, kin və ədavət, türkofobiya, azərbaycanofobiya siyasətinə üstünlük verib və nəticədə heç nə əldə edə bilməyib - yalnız İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin acı bəhrələrini dadmalı olub. Halbuki Azərbaycan daim həqiqəti müdafiə edib və bu həqiqət getdikcə yüksəlir, bütün digər amillərə üstün gəlir.

“Nikol Paşinyan çox vaxt itirib, amma bu, onun yetərsizliyi deyil, əksinə, Azərbaycanla barışmaq istəməyən revanşistlərin, radikalların yetərsizliyidir. Ermənistanın daxilindəki qüvvələr bir həqiqəti dərk etməlidirlər ki, imtina, qarşıdurma, eskalasiya yolu artıq öz gücünü çoxdan itirib. İndi köçəryanlar, sərkisyanlar azlıqda qalıblar. Onlar elə hesab edirlər ki, hakimiyyəti ələ keçirsələr, köhnə siyasətlərini yenidən həyata keçirmək imkanı qazana biləcəklər. Bu isə qəti şəkildə mümkün deyil və həm də təkcə ona görə yox ki, Azərbaycan buna heç vaxt imkan verməyəcək. Məsələ orasındadır ki, erməni xalqı artıq oyanıb. O, Qarabağ klanının prosesləri əks istiqamətə apardığını, keçmişə qapı açdığını yaxşı başa düşür, halbuki irəliyə baxmaq, dialoq qurmaq və birgə etimad mühiti yaratmaq barədə düşünmək, həmçinin erməni siyasətçiləri arasındakı hərc-mərcliyin ucbatından yaranan sərt qarşıdurma siyasətindən yorulmuş həm yeni, həm də indiki nəsillərin tələbləri, gözləntiləri haqqında düşünmək gərəkdir”, - deyə ekspert vurğulayıb.

Tofiq Abbasov deyib ki, əgər qərarların qəbul edilməsinin müqəddəratı sözügedən cahil qəsbkarların əlində olsaydı, onlar əsla heç vaxt sərhədlərin delimitasiyasına, sərhəd dirəklərinin qurulmasına, hərbçilərin mübadiləsinə və digər şərtlərə razı olmazdılar.

“Bu gün Ermənistanın daxili konsensusu əldə etməsinə necə kömək etmək və normal siyasətin yürüdülməsinə maneə yaradan qüvvələri susdurmaq barədə düşünmək lazımdır. Ermənistandakı ictimai rəy xadimləri Nikol Paşinyanın mövqeyinin və nəzər nöqtəsinin yüksəlməsi naminə səy göstərməlidirlər”, - deyə siyasi şərhçi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
sia.az

2Mənbələr