AZ

Şuşanın güllələnmiş icra başçısının qızı: “Atamın qanı yerdə qalmadı”

Mayın 9-da Şuşaya ilk köçənlər arasında şəhərin 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova da var. O, Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur, bu vəzifəyə ötən il təyin olunub. Səbinə xanıma Şuşadakı evinin açarını Prezident İlham Əliyev şəhərin sakinləri ilə görüşü zamanı şəxsən təqdim edib. AzVision.az-ın əməkdaşı doğma evinə yenicə qayıdan Səbina Gözəlova ilə söhbətləşib.

– 32 ildən sonra beş yaşımda qoyub çıxdığım şəhərdəyəm. Təəssüratımı olduğu kimi ifadə etmək çətindir. Bu hisslər çox müqəddəsdir, alidir. Həqiqətən, qürurluyuq. Allah canından keçən şəhidlərə rəhmət etsin, Ali Baş Komandanımızı qorusun!

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru olduğum üçün köçdən əvvəl də Şuşaya gəlib-gedirdim. İndi hər səhərimi burada, öz evimdə açmağın həzzini yaşayıram.

– İşğaldan öncə Şuşada nə zaman olmusunuz?

– Atam 1991-ci ildə iş otağında ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilmişdi. Həmin hadisədən sonra Şuşanı tərk etməli olduq. Hər kəs deyirdi ki, “Mikayıl Gözəlov yoxdursa, Şuşa da əldən gedəcək”.

Mikayıl Gözəlov Şuşanın tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak edib. Daha sonra icra başçısı olduğu dövrdə düşmənlərə qarşı Şuşanı müdafiə edib. Öz şəxsi hesabına silah-sursat gətirib, daim mübarizə aparıb. Sonda isə öz canını Şuşaya qurban verib. İndi həmin qəhrəmanın övladı kimi öz doğma Şuşamıza qayıtmışam. Biz oradan ayrılanda mənim beş yaşım var idi, indi 37 yaşımda doğma torpağıma qayıdıram.

Yeddi il Qəbələdə 24 nömrəli Şuşa məktəbinin direktoru olmuşam. Bu gün rəhbərlik etdiyim məktəb Şuşanın özündə fəaliyyət göstərir. Şuşa elm xadimlərini, tanınmış simaları yetişdirən bir məktəb olub. Əminəm ki, bu məktəb yenə də alimlər, musiqiçilər yetirəcək. Biz bu ənənəni davam etdirəcəyik.

Mən Şuşa məktəbində işləməyi qarşıma məqsəd qoymuşdum. Ona görə də direktorların işə qəbulu imtahanında iştirak etdim və Şuşa məktəbinə rəhbər təyin olundum.

– Prezident Şuşa sakinləri ilə görüşəndə siz də orada idiniz. Evinizin açarlarını sizə o təqdim etdi. Görüşdən nə deyə bilərsiniz?

– Mənim üçün sürpriz oldu. O açarları bizə Prezidentin təqdim edəcəyini düşünmürdüm. Adım çəkiləndə həyəcanlandım. Dövlət başçısı ilə görüşdə bildirdim ki, indi atamın ruhu şaddır.

Evim yeni salınmış qəsəbədə yerləşir. Əvvəllər isə kilsə ilə üzbəüz, doqquzmərtəbəli binada olub. İndi həmin bina qəzalı olduğuna görə sökülüb. Uşaqlığım o evdə keçib. Hazırda ondan da gözəl binada yaşayıram.

– Atanızın bir zamanlar işlədiyi yerə necə, gedib baxmışınızmı?

– İndi həmin binada nümayəndəlik fəaliyyət göstərir. Binanın qarşısından keçəndə dedim, çox şükür, atamın qanı yerdə qalmadı. Atamın iş otağında qətlə yetirilməsi bizim üçün çox ağır oldu, qəbullanmaq çətin idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
yenigundem.az

5Mənbələr