AZ

AMEA İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İclası AMEA-nın vitse-prezidenti İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Sufi fenomenologiya: yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda məruzə edib.

Məruzəçi vurğulayıb ki, “Sufi fenomenologiya”nın iki diqqətəlayiq cəhəti ön plana çəkilməlidir: “Birincisi, o, Qərb fəlsəfi sistem nümunəsində yazılmışdır və bu fakt ona tanınmış fəlsəfi sistemlər sırasında öz yerini tutmasına, eyni zamanda, yeni perspektivlərin açılmasına imkan verir. İkincisi isə tədqiqatın məhz sufizmin prinsipləri üzərində qurulması və onu ana xətt olaraq izləməsidir. Bununla o, dünya düşüncə tarixində İslam hikmətinin rolunu və əhəmiyyətini bir daha diqqətə çatdırmış olur”.

Daha sonra Könül Bünyadzadə müəllifi olduğu yeni fəlsəfi konsepsiyanın – sufi fenomenologiyanın əsas prinsip və ideyalarından danışıb. O, yeni fəlsəfi sistemin xüsusilə dörd əsas istiqamətini təqdim edib: “Yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması və cəmiyyətdə rolu, fəlsəfə və elmin qarşılıqlı təsiri. Elm gerçəkliyin zahirini, din isə onun ruhunu öyrədir. Onları birləşdirən fəlsəfə olmasa, iki böyük enerji seli bir-birini söndürməyə və qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir. Sufi fenomenologiya həmin fəlsəfədir”.

Alim çıxışında, həmçinin müsəlman Şərqinin əhəmiyyətli bir hissəsi olaraq Azərbaycanın İslam düşüncə tarixində hər zaman vacib yer tutduğunu və onun zənginləşməsində müstəsna rola malik olduğunu vurğulayıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda, həmçinin AMEA-nın müxbir üzvü Şahbaz Muradov AMEA-nın həqiqi üzvü Asəf Nadirovun 95 illik yubileyi ilə əlaqədar olaraq akademikin həyat və yaradıcılığından danışıb, xatirələrini bölüşüb.

Sonra Akademik Gövhər Baxşəliyeva “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə görüləcək işlər haqqında məlumat verib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirə edilib.

Sonda akademik Aleksandr Osipoviç Makovelskinin 140 illik yubileyi haqqında qərar qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
46
tehsil.biz

10Mənbələr