AZ

AZƏRBAYCAN İLƏ BELARUSİYA ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!



Azərbaycan - Belarus ikitərəfli əlaqələri müasir dövrümüzdə daha da dinamik inkişaf etməyə başlamışdı. Bu münasibətlər möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib desək, fikrimizdə yanılmarıq. Belə ki, dövlətlərarası imzalanan sənədlər, qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər imzalanıb. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Əlbəttə ki, Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Həmin zamandan 30 ildən artıq vaxt ötür. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir.
28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, ölkələrarası əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol"u "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"u imzalanıbdır.
Eyni zamanda "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum"u, "Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum"u, "Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu"nu və s. imzalanması dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır. Göründüyü kimi, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
1
aia.az

9Mənbələr