AZ

“Jirona” və ya “Mançester Siti” Çempionlar Liqasından kənarda qala bilər -UEFA kluba sahibliyi müəyyənləşdirmək üçün bir ay vaxt verib

“Associated Press” agentliyinin yaydığı xəbərə görə, UEFA eyni zamanda həm “Mançester Siti”yə, həm də “Jirona”ya sahiblik edən Əbu-Dabidən olan səhmdarlara belə bir təklif edib: klublardan biri növbəti mövsüm Çempionlar Liqasında iştirakdan imtina etməlidi.

“Football-plus.az” xəbər verir ki, yalnız belədə onlar eyni sahibi olan klublar üçün dürüstlük qaydasını pozmayacaq.

“Jirona” La Liqanın cari mövsümündə möhtəşəm uğura nail olaraq ÇL-də iştirakı təmin etdi. Braziliyalı ulduz Savio qarışıq üç həlledici oyunçu kluba məhz “Siti”nin təsiri nəticəsində ayaq açıb. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın qardaşının həmsahibi olduğu “Jirona” üçün bu, qitənin ən nüfuzlu klub turnirində ilk iştirakdı. “Mançester Siti” isə ötən mövsüm Çempionlar Liqasını qazanıb, premyer-liqanın cari mövsümünü də ilk iki pillədən birində bitirəcəyi dəqiqdi.

Hər iki komanda UEFA-nın bir strukturun bir neçə kluba sahibliyi ilə bağlı qaydaları əsasında müəyyənləşən ciddi yoxlamadan keçib. Bu sistemin mahiyyəti danışılmış oyunların qarşısını almaqdan ibarətdi.

“Jirona” ÇL-dən kənar qalmaq təhlükəsi ilə üzləşib
Komandalardan biri (hər şeydən belə görünür ki, “Jirona”) iyunun 3-nə qədər UEFA-nın qaydarı səviyyəsinə sığmasa, ikinci dərəcəli avrokuboka – Avropa Liqasına keçiriləcək. Belədə ölkəsinin çempionatında daha yüksək yerdə qərarlaşan komanda daha üstün tutulacaq. “Associated Press” agentliyinin əməkdaşının çərşənbə axşaml tanış olduğu UEFA-nın sənədinə əsasən, Əbu-Dabidə yaradılan və bütün dünyada 13 klubda payı (MS-nin səhmlərinin 100, “Jirona”nın səhmlərinin 47 faizinə malikdi) olan City Football Group (CFG) üçün hadisələrin axarı ilə bağlı iki variant var.

CFG səhmləri müstəqil 3-cü tərəfə satıb sahiblik payını 30 faizə endirməklə və ya klublardan birinin bütün səhmlərini UEFA-nın müəyyənləşdirdiyi komissiyanın nəzarəti altında “kor” trasta verməklə problemi həll edə bilər. CFG UEFA-nın bəyəndiyi modelə uyğun olaraq, etibarlı idarəçi seçə bilər. Qitə futbol qurumu bu mövsüm “Milan”ın, “Tuluza”nın və onların amerikalı səhmdarı “Red Bird Capital”ın fəaliyyətini tənzimləmək üçün həmin modeldən istifadə edib.

“Jirona” sentyabrda çox sürətlə və heç kimin gözləmədiyi halda La Liqada liderlər qrupuna yüksələndən sonra bir neçə kluba sahiblik məsələsi UEFA və CFG üçün aktuallaşdı. Qitə futbol qurumu mövsüm boyunca bu mövzunu şərh etməkdən yayındı. Ta ki “Jirona”nın bu ay Çempionlar Liqasına vəsiqə qazanması rəsmiləşənə qədər. UEFA həmçinin Cim Retkliffin “Mançester Yunayted”dəki və “Nitsa”dakı təsir və nüfuz payı ilə bağlı mümkün ziddiyyəti şərh etməkdən yayınır. Halbuki bu iki klub da Avropa Liqasının növbəti mövsümünə vəsiqə qazana bilər.

Nəhayət, çərşənbə axşamı UEFA-nın klubların maliyyəsinə nəzarət üzrə komissiyası eyni sahibin bir neçə klubunun eyni qitə kubokunda iştirakı ilə bağlı yeniliklərin izah olunması üçün sorğu ilə çıxış edib.
UEFA klubların birgə əməliyyatlarından çəkinir
Bəs “Siti” ilə “Jirona” nəyə görə UEFA-nın diqqətini çəkib? İş ondadı ki, CFG hər iki kluba həlledici təsirə malikdi. Əbu-Dabidən olan şirkət onların səhmlərinin ən azı 30 faizini alıb, həmçinin klublar bu mövsüm bəzi transfer sövdələşmələri həyata keçirib. “Jirona”nın heyətində CFG şirkətinin sahibi olduğu başqa klublara məxsus olan iki futbolçu var. Söhbət “Siti”dən icarəyə götürülən sağ cinah müdafiəçisi Yan Kouto ilə “Trua”dan icarəyə götürülən vinger Saviodan gedir. Savio, ümumiyyətlə, cari mövsümün kəşfidi. Onun sol cinahdakı driblinqləri və sürəti rəqiblərin müdafiəsində xaos yaradır. 20 yaşlı futbolçu 10 qol vurub, üstəlik 9 məhsuldar ötürmə ilə liqanın ən yaxşı assistentlərindən biridi. UEFA-nın qərarı Savionun hələ fevralda açıqlanan “Siti”yə keçidinə mane olmamalıdı. Kouto da “Jirona”nın oyun sisteminə ən yaxşı şəkildə uyğunlaşıb. Sağ cinah müdafiəçisi cari mövsümdə 8 məhsuldar ötürmə verib.

Venesuelalı yarımmüdafiəçi Yanxel Errera isə “Jirona”da icarə müddəti bitəndən sonra ötən ilin iyulunda “Siti”yə satılıb.

Ərəblər “Siti”yə nə vaxt gəlib?
Bildiyiniz kimi, şeyx Mənsur ben Zaid Ə-Nahayan “Mançester Siti”ni 2008-ci ildə alıb. 5 il sonra “City Football Group” qrup yaranıb, uzun fasilədən sonra 2012-ci ildə tarixində 3-cü dəfə çempionluq qazanan “Siti” isə müxtəlif qitələrdən komandaları özündə birləşdirən portfolioda flaqman kluba çevrilib. 2013-cü ildə “Siti”nin olduğu qrupa “Nyu-York Siti” (ABŞ) qoşulub, ardından “Melburn Siti” (Avstraliya), “Jirona” (İspaniya), “Yokohama Marinos” (Yaponiya), “Sıçuan Szyunyu” (Çin), “Atletiko Torke” (Uruqvay), “Mumbai Siti” (Hindistan) və “Atletiko Venesuela” da eyni çətir altında birləşib.
Ərəblər “Jirona”ya sahiblik hüququnu 2017-ci ildə, klub tarixində ilk dəfə La Liqaya vəsiqə qazanandan cəmi bir neçə həftə sonra ələ keçirib. Pep Qvardiolanın payı 16 faizdi. Son illərdə CFG-yə “Lommel” (Belçika), “Palermo” (İtaliya) və “Trua” (Fransa) da qoşulub. CFG hazırda futbol tarixinin ən böyük klub portfellərindən birinə malikdi. UEFA-nın fikrincə, bu məqam futbol sənayesi üçün təhlükə yaradır. Tənqidçilər belə hesab edirlər ki, belə birlik transfer bazarında şübhəli sövdələşmələrə yol aça, həmçinin top-klubların “maliyyə feyr-pleyi” qaydasına əməl etmək üçün xərcləri bölüşdürməsinə və gizlətməsinə yardım edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
football-plus.az

1Mənbələr