AZ

Yeni Kaledoniyada neokolonializm: "Fransanın bütün tarixi müstəmləkəçilik tarixidir"

"Yeni Kaledoniyaya aid qərarların yerli sakinlərin iradəsinə məhəl qoymadan qəbul edilməsi bir daha göstərir ki, Fransanın bu hərəkəti işğalçı zehniyyətdən doğur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Fransanın Yeni Kaledoniya əhalisinin maraqlarına zidd çıxmasının səbəblərini şərh edərkən deyib. 

Deputatın fikrincə, Parisin Yeni Kaledoniyadakı hadisələrdə Bakı və Ankaranı ittiham etməsi siyasi həyasızlıqdır:



"Fransa dövlətinin bütün tarixi işğalçılıq, müstəmləkəçilik tarixidir. Onlar vaxtilə bu günki ABŞ ərazisini, Afrika qitəsi və Hindistanda, Çində yaşayan xalqları işğala, vəhşilik və soyqırıma məruz qoyublar. Paris XXI əsrdə də həmin siyasəti davam etdirir. Hətta onlar özlərinin bəd əməllərini görməzlikdən gələrək, başqa dövlətlərin daxili işlərinə də qarışır. Dünyada yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Fransa prezidenti Emmanuel Makron Qafqazda yenidən müharibənin alovlanması üçün dəridən qabıqdan çıxır". 

Deputat bildirib ki, Paris Yeni Kaledoniyada baş verən hadisələrdə Azərbaycan və Türkiyəni ittiham edir:

"Bu isə siyasi həyasızlıq və siyasi əxlaqsızlıqdır. Təəssüf ki, Fransız xalqı da belə qüvvələrin əlində əsir-yesir qalıb". 
 
Deputat qeyd edir ki, Makron Yeni Kaledoniyaya münasibətdə neokolonializm siyasəti yürüdür, yerli əhalinin hüquq və azadlığını boğur:

"Uzun illərdir Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkə kimi əsarətində saxlamaq, adanın yerli sakinləri olan kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı müxtəlif bəhanələrlə adaya yerləşdirməyə cəhd edir. Burada məqsəd isə müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransanın adadakı işğalını davam etdirməkdir".



Elman Məmmədov deyib ki, Paris buna nail olmaq üçün də yerli xalqın iradəsinə zidd seçki qanunvericiliyini gündəmə gətirib:

"Məqsəd də adaya gətirilən miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa nail olmaqdır. Bu isə haqlı olaraq yerli xalq və yerli hökumətin narazılığına səbəb olub. Yeni Kaledoniyaya aid qərarların yerli sakinlərin iradəsinə məhəl qoymadan qəbul edilməsi bir daha göstərir ki, Fransanın bu hərəkəti işğalçı zehniyyətdən doğur. Bu əsasda hazırda Yeni Kaledoniyada baş verən hadisələr hər addımbaşı demokratiyadan dəm vuran Makron hökumətinin yerli xalqın hüquq və istəklərinə münasibətdə demokratik yola deyil, zora üstünlük verməsinin nəticəsidir. Makron bununla yerli xalqların hüquqlarına hörmət etmədiyini, onları əsarətdə saxlamaqda davam edəcəyini ortaya qoyur. Bu isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransaya heç zaman başucalığı gətirməyəcək. Fransa neokolonializm siyasətinə son qoymalıdır".



Qeyd edək ki, bir müddətdir ki, Sakit Okeanda yerləşən  Yeni Kaledoniyada Fransa Hökumətinin "seçki islahatı"na qarşı etiraz aksiyaları başlayıb. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban, 200-ə yaxın yaralı var. Polis 200-dən yuxarı etirazçını saxlayıb.

Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb. 

Yeni Kaledoniya Fransa hökümətinin onları informasiya blokadasında saxlamaq üçün interneti tamamilə kəsə biləcəyindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Bunun da təxminən 40%-ni və ya 112 min nəfəri yerli kanak xalqı təşkil edir.

Hazırkı iğtişaşlar 1980-ci illərdən bəri ən kütləvisidir. Daha sonra etirazlar dalğası 1998-ci ildə Numea Sazişinin bağlanması ilə söndürüldü. Bu sazişə əsasən, Fransa adalara daha çox siyasi muxtariyyət verməyə və yerli sakinlərə seçkilərdə iştiraka icazə verməyə razılaşdı. 

Lakin bu sazişdən sonra mərhələli şəkildə adalara 40 mindən yuxarı Fransız vətəndaşı köçürülüb. 15 mayda isə Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib.  Bu isə yerli əhalinin- kanakların seçkilərdəki səs payını daha da azaltmaq və onların müstəqillik arzularını həmişəlik boğmaq kimi dəyərləndirilir.

Nümayişçilər Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəfələrlə dəyişiklik etdiyini vurğulayaraq, bunu yolverilməz hesab edirlər. Onlar həmçinin bu dəyişiliklərin Numea sazişinə də zidd olduğunu bildirirlər. 

Bu dövlət 1853-cü ildən Fransanın işğalında yaşayır. 

Adalarda böyük nikel yataqları aşkar edilib. Bu yataqlar öz həcminə görə, dünyada üçüncü yerdədir.
 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
qaynarinfo.az

10Mənbələr