AZ

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Bakı, 19 may, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun “Qarşıdakı gecə” pyesi əsasında “Yekaterinanın yataq otağında” tamaşasının premyerasını təqdim edib.

Premyeranın tarixi təsadüfi seçilməyib: 18 may - Beynəlxalq Muzeylər Günü. Belə ki, tamaşadakı hadisələr də əyalət muzeyinə çevrilən Putevoy sarayındakı kral yataq otağında cərəyan edir.

Melodrama janrında yazılmış tamaşanın süjeti kəskin intriqa, şişirdilmiş emosionallıq, xeyirlə şərin kəskin mübarizəsinin əks olunduğu hekayədən bəhs edir.

Rejissor Emin Mirabdullayevin sözlərinə görə, bu əsər parlaq dramatik materialdır. Burada hər beş-yeddi dəqiqədən bir yeni hadisə baş verir. Burada hər şey başlanğıcda göründüyü qədər sadə deyil. Burada hər “dönüşün” arxasında yeni hisslər var, çünki vəziyyət artıq tamamilə fərqli baxışdan görünür. Bundan əlavə, tamaşada baş verən hadisələr aktuallığını qoruyub saxlayır, buna görə də həm böyük nəsil, həm də gənclərdən ibarət auditoriya üçün maraqlıdır.

Tamaşada parlaq aktyor ansamblı iştirak edir. Azərbaycanın Xalq artisti Lyudmila Duxovnaya və teatrın artistləri Yeganə Hüseynli və Yaroslav Trifonov tamaşaçını dərhal hadisələrin burulğanına qərq edir, onun gözləri qarşısında tamamilə real görünən və buna görə də daha da inanılmaz xarakter alan bir hekayə canlanır.

Tamaşada Elşad Murtuzayev, İlkin Mehdiyev, Ruslan Pavlov, Cöhər Abdullayev və Rəşad Əliyev də iştirak edirlər.

Tamaşanın üzərində dekorasiyalar üzrə rəssam - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fedorov, kostyumlar üzrə rəssam – Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı – Əməkdar mədəniyyət işçisi Vladimir Neverov işləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
azertag.az

3Mənbələr