“Belə bir stadionda oynamaq çox xoş oldu. Şəhər olaraq Sumqayıt bunu haqq edirdi. Bütün klublarımızda belə stadionların olması Premyer Liqaya rəng qatar”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 23-cü turunda “Sumqayıt”la oyundan sonra deyib.
Mütəxəssis qolsuz heç-heçəni (0:0) belə şərh edib: “Qışdan sonra çempionatın ən yaxşı komandasına qarşı oynayırdıq. Çünki “Sumqayıt” fasilədən sonra Premyer Liqaya çox yaxşı start verib. Bunu bilirdik. Bugünkü matçda qol olmasa da, hər saniyə meydanda mübarizə getdi, taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda bir qədər soyuqqanlı olsaydıq, daha yaxşı olardı. Ən yaxşı epizodlar bizdə idi. Yekunda 1 xal qazandıq. Hazırda çempionatın önəmli yerindəyik. Həm rəqibin uzaqlaşmasına imkan vermədik, həm də özümüz həmin yerlərdə qalmağa çalışırıq”.
A.Abbasov yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun əla şəraitə malik olduğunu vurğulayıb: “Bugünkü oyun, əgər tribunalar dolu olsa, meydandakı mübarizə Türkiyə çempionatından üstün idi. Bizim futbola yaxşı meydançalar lazımdır. Görünüş də önəmlidir. Biz futbolumuzun inkişafını istəyiriksə, bunlar hamısı şərtdir. Soyunub-geyinmə otağına gedirsən, hər şey müasirdir. Hər bir şərait var. Elə stadionlar var ki, futbolçu komanda yoldaşına deyir ki, “bir qədər o tərəf keç, əynimi rahat dəyişim”. Ümid edirəm ki, Tovuzda, Gəncədə, digər bölgələrdə də bu cür stadionlar olacaq”.