EN

Paralimpiyaçılarımız idman səhifəmizə yeni qələbələr yazırlar TƏHLİL

Mehriban xanım Əliyeva:"Milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"

Mötəbər idman yarışlarının keçirildiyi mərkəzə çevrilən Azərbaycan dünya və Avropa çempionatlarının, nüfuzlu beynəlxalq turnirlərin, Formula 1 yarışının yüksək səviyyədə təşkil edən ölkə olaraq beynəlxalq arenada nüfuzlu idman ölkəsi imicinə sahib olub. Təkcə Bakıda deyil, regionlarda da keçirilən bu və ya digər yarışlar bu sahənin kütləviləşməsinə, yeniyetmələrin idmana cəlb olunmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə böyük töhfə verir. Bu gün olimpiyaçılarımız dünya idmanında öz sözlərini deməyi bacarırlar. Bu günlərdə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindirdilər. Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alan Azərbaycan idmançıları 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar.

Paralimpiyaçılarımız da dünya idmanında öz sözlərini deməyi bacarırlar. 1996-cı ildə yaradılan Milli Paralimpiya Komitəsinin rəhbərliyi altında idmançılarımız indiyədək Yay və Qış Paralimpiya oyunlarında güclərini sınayaraq, uğur qazanıblar.

Bu gün idmançılarımız "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edirlər. Sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında Azərbaycan 7 növdə 18 idmançı ilə təmsil olunur.

Artıq idman səhifəmizə bir uğur yazıldı. Ölkəmizi təmsil edən parataekvondoçusu Sabir Zeynalov gümüş medal qazanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun "Paris-2024" Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Parataekvondoçu Sabir Zeynalov "Paris-2024" Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançının həyatına uğur gətirib. Paralimpiyaçılarımızın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında möhtəşəm qələbəsi tarixin yaddaşına qızıl hərflərlə həkk olundu.

YENİ DÜNYA REKORDU MÜƏYYƏNLƏŞDİ

Azərbaycanın 25 illik paralimpiya tarixində yeni səhifə olan Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi. "Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bunun çox önəmli hadisə olduğunu və haqlı olaraq paralimpiyaçılarımızla fəxr etdiyimizi bildirib.

Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını uğurla başa vurdu. XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirildi və yarışlarda Azərbaycan möhtəşəm uğurlara imza atmış oldu. Bu, Azərbaycanın idman tarixində yeni hadisəyə çevrildi. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşdı. Dörd idmançımız isə "Tokio-2020"də rekordlara imza atdı. Atletika idman növü üzrə idmançımız Həmid Heydəri nizəatma növü üzrə 51,42 metr nəticə göstərərək dünya rekordunu yenilədi. Elvin Astanov F53 - nüvəitələmə növü üzrə 8,77 metr nəticə göstərərək yeni dünya rekordu müəyyənləşdirdi. Üzgüçülük yarışında Vəli İsrafilov, atletika idman növü üzrə isə Lamiyə Vəliyeva göstəriciləri ilə Paralimpiya rekorduna imza atdıblar. Əlbəttə ki, bu Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünün göstəricisi idi. Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.

Türkiyənin Konya şəhəri V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. 2017-ci ildə Bakıda təşkil olunan IV İslamiadada olduğu kimi, Konyada da paralimpiyaçılar medallar uğrunda mübarizə apardılar. Sevindirici haldır ki, Azərbaycan paralimpiyaçıları da mükafatçılar sırasında yer almağı bacardılar. Bakıda təşkil olunan İslamiadada paralimpiyaçılar cüdo və atletika idman növlərində güclərini sınamışdılar. Həmin vaxt Milli Paralimpiya Komitəsinin idmançıları 24 medal qazanmışdılar ki, ondan 12-si qızıl idi. Azərbaycanın medal sıralamasındakı mövqeyində paralimpiyaçılarımızın əldə etdiyi mükafatlar böyük rol oynamışdı.

Qeyd edək ki, dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır. Dəyərlər Azərbaycanda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri paralimpiya oyunlarında iştirak edərək vətənə qələbə ilə dönürlər.

"AZƏRBAYCAN GƏNCLƏRİ, İDMANÇILARI BÖYÜK POTENSİALA MALİKDİR"

Azərbaycanda Paralimpiya hərəkatının yaranma tarixi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Azərbaycan paralimpiyaçıları bu yarışlara ilk dəfə 1996-cı ildə keçirilən Atlanta Paralimpiya Oyunlarında qatılıblar. Həmin Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub. Növbəti dəfə komandamız 2000-ci ildə Sidney Paralimpiya Oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunaraq, bir qızıl və bir gümüş medal qazanıb. Ümummilli Lider 2000-ci ilin 15 noyabrında XI Sidney Yay Paralimpiya Oyunlarından uğurlu nəticələrlə qayıtmış paralimpiyaçılarımızla görüşdə söylədiyi fikirləri xatırlatmaq yerinə düşər: "Fiziki imkanları məhdud insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq haldır. Bu bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki məhdudiyyətinizə baxmayaraq həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qimətləndirməliyik. Təəccüblənmək olar ki, insan bir az xəstə, yaxud bir az çatışmazlığı olanda onda bədbinlik əmələ gəlir, özünü ələ ala bilmir. Amma siz müəyyən fiziki məhdudiyyətinizi öz əzmkarlığınızla, iradənizlə və bacarığınızla aradan qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Ölkəmizin olimpiyaçılarının, o cümlədən paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdir."

Ümummilli Lider Heydər Əliyev paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan vermiş oldu. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir.

"BİZİM PARALİMPİYAÇILARIMIZ GÜCLÜ KOMANDALAR SIRASINDADIR"

Ulu Öndər Heydər Əliyevin siysətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı diqqəti paralimpiyaçılarımız hər zaman öz üzərlərində hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, onların məşqçiləri Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə mükafatlar müəyyən edilib.

Ölkəmizin başçısı İlham Əliyevin "Bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır" fikri Tokio Paralimpiadasında öz təsdiqini bir daha tapdı. Bu gün ölkəmizdə paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin olunurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Paralimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Əsas hədəf bütün Azərbaycanın Paralimpiya hərəkatı ilə əhatə etməkdir.

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da paralimpiyaçılarımız yeni nailiyyətlərlə vətənə dönəcəklər.

Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, paralimpiyaçılarımız yeni-yeni nailiyyətlərə imza atırlar.

Zümrüd BAYRAMOVA

Chosen
212
50
sesqazeti.az

10Sources