Bu gün sizə bir qəhrəman azərbaycanlıdan danışacam.
Futbolu sevən, "Qarabağ" və "Qalatasaray"ın çox dəyərli bir azarkeşindən...
İşğaldan azad edilən Hadrutda bayrağımızı ilk qaldıran Azərbaycan oğlunun - Səid Rəşidzadənin sabah 35 yaşı tamam olur.
Səidi dostum, əməkdar jurnalist Aydın Bağırovun sayəsində tanımışam.
O, aprel döyüşlərində də iştirak edib. Onu Vətən müharibəsinə aparmırdılar. Çox yerə zəng edib. Dəfələrlə müraciətindən sonra könüllü olaraq Vətən müharibəsinə gedib. Komandiri olduğu bölük Hadrutdakı strateji cəhətdən çox önəmli yüksəlikləri Azərbaycana qaytarıb.
Səid həmin yüksəkliklərin ən vacibinə müqəddəs bayrağımızı sancarkən mənfur işğalçı düşmənin snayperinin hədəfinə tuş gəlib, şəhid olub...
...Milli Məclisin 26 deputatı Müzəffər Ali Baş Komandan İlham Əliyevə Səid Rəşidzadəyə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adının verilməsi ilə bağlı müraciət edib. Bu, qəhrəman azərbaycanlı Səid Rəşidzadənin haqqıdı, ruhunu şad edəcək məqamdı...
İnanıram ki,"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı tezliklə Səidə veriləcək.
Səid aprel döyüşlərində Polad Həşimovla səngərdə çiyin-çiyinə olub. Polad paşa (Səid belə deyirdi) şəhidlik zirvəsinə ucaldıqdan sonra təsirli bir yazı da yazıb.
Mən 4 uşaq atasıyam. Səid şəhid olandan sonra bütün ailəmiz onun adını özümüzə soyad götürmüşük. Bizim ailədə Səid soyadı daşıyan 6 nəfər var - mən, həyat yoldaşım və 4 uşağımız.
Yeni dünyaya gələn övladımıza da Səidin adını verdik.
Bəlkə də sizə maraqsız olsa da, deyim, oğlum Emilin bu yay 10 yaşı olacaq. Qızım Sara mayda 4, oğlum Rafael isə Allahın izni ilə avqustda 3 yaşını qeyd edəcək.
Soyadını daşıdığımız qəhrəman şəhidimiz Səid Rəşidzadənin 35 illiyi ərəfəsində qəhrəmanımıza görə ad-soyadı Səid Səid olan 2.5 aylıq oğlum müsəlman olasıdı. Özəlliklə bu günü seçməmişdik, sırf təsadüfdü!
Bu oğlumun adını Səidin kiçik əmisi Əfət kişi verib. Soyadımızı isə atası Nofəl Qasımovun, anası Rübabə Şərifovanın xeyir-duası ilə Səid şəhid olandan sonra mən seçmişəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Eşitdiyimə görə, Səidin adı başqa uşaqlara da verilib.
Bu proses davam edəcək. Bir fakt, gerçəklik, reallıq var: Səid və Səidin adını, soyadını daşıyanlar daim olacaq, yaşayacaq!!! Müqəddəs Vətən uğrunda canını fəda etmiş bütün qəhrəman şəhidlərimiz kimi!
Səid mənə bir dəfə doğum günümdə yazmışdı ki, "Sevilirsən, bəy".
İndi də mən deyim:
Sən həmişə varsan, həmişə yaşayırsan, həmişə fəxrimizsən, SƏİD!
Səidlərin sayı da çoxalıb və bundan sonra da çoxalacaq! Təki sənin kimi dəyərli azərbaycanlı olsunlar! Biz hamımız müvəqqətiyiq, sən əbədisən!
Nə yaxşı ki, Azərbaycanın sənin kimi oğulları var!
35 yaşın mübarək, əziz qardaşım!
P.S. Nofəl kişi kimi göz yaşlarımı camaat arasında gizlətməyə çalışıram, komandir! Çoxdandı ağlamırdım...
Sevilirsən və hər zaman seviləcəksən, bəy!!! Özü də çox, lap çox!!!
Mənbə: sports.az
İdman.biz