EN

Kayl Uoker Xosep Qvardiola ilə söhbətini açıqladı

“Milan”ın ingilis sağ cinah müdafiəçisi Kayl Uoker “Mançester Siti”inin düşərgəsini tərk etməsi ərəfəsində Xosep Qvardiola ilə söhəbətləşib.

Arena.az “Goal” dərgisinə istinadən, Uokerin “şəhərlilər”in ispan baş məşqçisi ilə söhbəti haqda açıqlamasını təqdim edir:

“Pep” ilə söhbət, ələlxüsus bir-birimizə hörmət etdiyimiz üçün çox da rahat deyildi. Onun “Mançester Siti”də qazandığı hər şeyi mən də qazanmışam. Düşünməyi xoşlayıram ki, o, mənim, paltardəyişmə otağına nələr bəxş etdiyimi, hansı ab-havanı yaratdığımı bilir. “Mançester Siti” mənim ailəm olub, hər şey, aşpazlardan və təmizlikçilərdən, fizioterapevtlərdən və s. tutmuş hamı… Ancaq bu yaxınlarda işlər çox da yaxşı getmirdi və mən kifayət qədər çox oynamırdım…”, deyə Uoker “Milan”a icarə əsasında keçidini bir növ elə, bu şərhi ilə əsaslandırıb.

İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilə klublar arasında ödənişsiz əsasda gerçəkləşdirilib. Uoker “Milan”da “32” nömrə altında çıxış edəcək.

Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. İngilis futbolçunun Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kayl Uokerin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Kayl Uoker 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
45
4
arena.az

10Sources