2024-cü ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstanda orta əməkhaqqı Özbəkistan və Qırğızıstandakından təxminən iki, Tacikistandakından isə dörd dəfə çoxdur. Bu da respublikanı Mərkəzi Asiya ölkələri arasında bu göstərici üzrə lider edir.
Hafta.az-ın Ranking.kz-a istinadən yazdığına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinin analitikləri məlumat yayıb.
Vurğulanır ki, ötən il Tacikistan hakimiyyətinin apardığı indeksasiya olmasaydı, liderlə autsayder arasındakı uçurum daha da böyük ola bilərdi. Belə tədbirlər sayəsində nominal əməkhaqqı demək olar ki, 25 faiz, real əməkhaqqı 21,1 faiz artıb.
Analitiklər bildiriblər ki, Türkmənistanda minimum əməkhaqqı 1410 manat və ya 402,9 dollardır. Amma qeyd olunur ki, respublika məmurları 5 ildən artıqdır ki, 3,5 manat bir dollarda qalan milli valyutanı dövlət məzənnəsi ilə dollara çevirir.
Lakin çoxsaylı ekspert müsahibələrinə əsasən, Türkmənistan daxilində manatı bu məzənnə ilə dəyişmək faktiki olaraq mümkün deyil və ölkədə bütün valyuta alğı-satqısı əməliyyatları “qara” məzənnə ilə (1-dən 19-a) həyata keçirilir. Belə ki, reallıqda ölkədə minimum əməkhaqqı faktiki olaraq 74,2 dolları keçmir.
Statistika qurumu ən çox maaş alan peşələrin hansı olduğunu da təhlil edib.
Qazaxıstanda lider peşələlər maliyyəçilər, sığortaçılar və mədən sənayesində çalışanlardır. Əməkhaqqı bu sahələrdə ortalama 1,7 min dollardır.
Tacikistanda lider peşələr maliyyəçilər, istehsal sənayesinin işçiləridir. Maaşlar göstərilmir.
Özbəkistan və Qırğızıstanda İT mütəxəssislərinin, həmçinin maliyyəçilərin maaşları 1 min dollar civarındadır.
Aşağı əməkhaqqı ilə fəaliyyət növləri regionun demək olar ki, bütün ölkələrində eynidir. Bunlara təhsil, səhiyyə, aqrobiznes və ictimai xidmətlər daxildir.
Nəhayət, analitiklər ötən ilin yanvar-oktyabr aylarında Mərkəzi Asiyada istehlak qiymətlərinin artım səviyyəsini hesablayıblar. Bu, Qazaxıstanda 6,6 faiz, Özbəkistanda 7,7 faiz, Qırğızıstanda 4,2 faiz və Tacikistanda 3,2 faizdir.