EN

Xaliq Mərdanov müəmması davam edir - "Kəpəz"dən açıqlama

"Kəpəz"in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanovun adının son 3 oyunda protokola daxil edilmədiyini xəbər vermişdik. Noyabrın 4-də ölkə çempionatının XII turunda "Səbail-2" ilə matçda hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanan və 400 manat cərimələnən çalışdırıcı çoxdan işinin başına, konkret texniki zonadakı mövqeyinə qayıtmalı olsa da, bu, hələ də reallaşmayıb. Son 3 oyuna gedən, ancaq matçı tribunadan seyr edən Mərdanovu texniki zonada köməkçisi Taryel Hüseynov əvəz edir. 

Məsələ burasındadır ki, "Kəpəz" ona görə AFFA-nın kəsdiyi 400 manatlıq cəriməni ödəmədiyi üçün qadağa ilə üzləşib. Qurumdan bildirilib ki, baş məşqçiyə görə cərimə ödənməyə qədər adı protokola daxil edilə bilməz. 

Ancaq Gəncə təmsilçisi fərqli, inandırıcı səslənməyən səbəb göstərir.

Klubun mətbuat sözçüsü Azad Mustafayev Fanat.Az-a bu barədə belə deyib:  

"Əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanovun cəriməsi ilə bağlı ödəmə edilib. Sadəcə, mütəxəssis hakimlərin haqsız qərarlarına görə bir az küskündür və ehtiyat oyunçular skamyasından kənar düşüb. Səhhətindəki müəyyən problemlər buna mane yaradır".

O qədər də inandırıcı səslənməyən səbəb göstərən "Kəpəz" cəriməni köçürdüyünü bildirsə də, əldə etdiyimiz məlumata görə, ödəmə hələ də edilməyib. 

Mirağa

Chosen
17
fanat.az

1Sources