Futbol üzrə Dominikan Respublikası millisinin sol vingeri Ronaldo Junior Vaskes bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.
Arena.az bu barədə “Sumqayıt”ın rəsmi saytına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, 2024/2025-ci illər mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK bu gün daha bir futbolçunun keçidini reallaşdırıb. Klub son olaraq Boliviyanın “Quabira” komandasınnda çıxış etmiş Dominikan Respublikası millisinin futbolçusu Ronaldo Junior Vaskeslə 1,5 illik müqavilə bağlayıb. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 23 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib. O, 2024-cü ilin yanvarında azad agent kimi qoşulduğu Boliviya klubunun heyətində 28 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın yeni transferi ölkəsinin yığmasında keçirdiyi 37 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Momo Yansaneni (“Torpedo”, Kutaisi, Gürcüstan) də transfer etmişdi. Fernando Medeyros və Rəhim Sadıxov isə komandanı tərk ediblər.