Moskvada Dövlət Kreml Sarayında müğənni, bəstəkar və aktyor, Azərbaycanın xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə konsert keçirilib.
“Far.Az”un Rusiya bürosunun məlumatına görə, tamaşaçılar arasında Azərbaycan və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlunun yaradıcılığının pərəstişkarları olub.
Yubilyarı səhnədən Rusiyanın xalq artistləri Lev Leşşenko, Sergey Bezrukov, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın xalq artisti Fərrux Zakirov, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, O. Lundstrem Dövlət Kamer Caz Orkestri, Y.V. Silantyev Akademik Böyük Konsert Orkestri təbrik edib.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusman və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışlarında Polad Bülbüloğlunun təkcə müğənni və bəstəkar deyil, həm də bütöv bir epoxanın nümayəndəsi olduğunu qeyd edərək, onun mahnılarının nəsilləri birləşdirən, milli musiqini zənginləşdirən irs olduğunu vurğulayıblar.
“Kreml Sarayındakı bu yubiley konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxıb və bu gün də sevilir. O, unikal yaradıcılığı və tükənməz enerjisi ilə insanlara ilham verməyə davam edir”, – çıxış edənlər diqqət çəkiblər.