EN

Tramp sənədsiz miqrantları Quantanamoda saxlayacağını deyir

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü deyib ki, o, administrasiyasına sənədsiz miqrantları Kubadakı Quantanamo həbsxanasında saxlamağa hazırlaşmaq üçün göstəriş verən sərəncam imzalayacaq.

ABŞ təcridxanasında əsasən hərbi məhbuslar və terrorda şübhəli bilinənlər, o cümlədən 11 sentyabr hücumlarında iştirak edənlər və Taliban üzvləri saxlanılır.

Tramp bildirib ki, onun verdiyi göstərişdə Müdafiə və Daxili Təhlükəsizlik Departamentlərinə ABŞ hərbi dəniz bazasını 30 min miqrantı saxlamağa hazırlamaq tapşırılacaq.

“Onların bəziləri o qədər pisdir ki, biz onları saxlamaq üçüb hətta ölkələrə belə güvənmirik, çünki biz onların geri qayıtmasını istəmirik. Ona görə də biz onları Quantanamoya göndərəcəyik,” Tramp əlavə edib. “Bu, bizim imkanlarımızı dərhal ikiqat artıracaq. Və ordan çıxmaq çətindir.”

Tramp bu barədə Ağ Evdə keçirilən tədbirdə, Laken Riley Aktını imzaladığı zaman məlumat verib. Bu, onun ikinci vəzifə müddətində imzaladığı ilk qanundur. Ötən il sənədsiz venesuelalı immiqrant tərəfindən qətlə yetirilən 22 yaşlı tibb bacısı tələbəsinin adını daşıyan qanun layihəsi federal hökumətin ölkədə qeyri-qanuni olan immiqrantları həbs etmək səlahiyyətini genişləndirmək məqsədi daşıyır.

Administrasiyanın bunu necə etməyi təklif etdiyi bəlli deyil. Daxili təhlükəsizlik katibi Kristi Noem jurnalistlərin sualına cavabında deyib ki, bu, Ağ Evin “hazırda Quantanamoda olan resurslardan istifadə etmək üçün üzərində işlədiyi” bir şeydir.

“Biz prosesi həyata keçirəcəyik,,” o deyib və əlavə edib ki, administrasiya bunu maliyyələşdirmək üçün qanunvericilərlə işləyir. O, bunun təxmini neçəyə başa gələcəyini bildirməyib.

Prezidentin memorandumları icra sərəncamlarından daha az formal xarakter daşıyır. Məsələn, onların dərc olunmaq üçün Federal Reyestrə təqdim edilməsi tələb olunmur.

Ağ Ev çərşənbə axşamı daha gec saatlarda icra memorandumunu dərc edib.

Trampın sərhəd çarı Tom Homan çərşənbə günü bildirib ki, ABŞ-ın Sahil Mühafizə Xidməti qanunsuz miqrantları dənizdə ələ keçirmək tapşırığı verilən işçilər “onları birbaşa Quantanamo körfəzinə apara bilərlər.”

Homan jurnalistlərə bildirib ki, miqrantlar daha öncə də ora aparılıb.

Beynəlxalq Qaçqınlara Yardım Layihəsinin 2024-cü ilin sentyabrında yaydığı hesabatına əsasən, ABŞ onilliklər boyu dənizdə ələ keçirilən miqrantları Quantanamodakı Miqrant Əməliyyatları Mərkəzində həbsxana şəraitində saxlayıb.

IRAP və digər immiqrasiya hüquqları müdafiəçiləri miqrant mərkəzinin dərhal bağlanmasına çağırıblar. Təşkilat həmçinin Konqresi müəssisədə iddia edilən insan haqları pozuntularını araşdırmağa və hər yerdə miqrantların saxlanması əməliyyatlarının dayandırılmasına çağırıb.

Çərşənbə günü ABŞ-ın müdafiə naziri Pit Heqset Quantanamo həbsxanasını cinayətkar miqrantlar üçün “mükəmməl yer” adlandırıb. Heqset Fox News-a bildirib ki, digər sənədsiz miqrantlar da öz ölkələrinə geri göndərilmələrini gözləyərkən müvəqqəti olaraq Quantanamo həbsxanasında saxlanıla bilər.

Mediada yer alan məlumatlara görə, İmmiqrasiya və Gömrük Mühafizəsi xidməti cümə axşamından bazar ertəsi gününə qədər gündə orta hesabla 710 miqratı saxlayıb ki, bu da prezident Co Baydenin rəhbərliyi dövründə sentyabr ayına qədər olan 12 aylıq dövrdə qeydə alınan gündəlik ortalama 311 həbsdə iki dəfə çoxdur.

visiontv.az



Chosen
20
visiontv.az

1Sources