EN

47 roninin intiqamı...

Onların ağası Ako şəhərindən olan daymyo (iri feodal) Asano idi. O, 1701-ci ilin aprelində Edoda (Tokionun əvvəlki adı) yerləşən şoqun (hərbi diktator. 1192-1868-ci illərdə Yaponiyada imperatorun real hakimiyyəti yox idi. Əsl hakim “şoqun” adlanan sərkərdələr idi. Bu rejimə tarixşünaslıqda “şoqunluq” deyilir) sarayında əsas əyanlardan biri olan Kiranı xəncərlə öldürməyə cəhd etdi. Çünki şoyqun əyan tərəfindən təhqir olunmuşdu. Birinci zərbəsi Kiranı yüngül yaraladı, ikinci zərbəsi sütuna dəydi, üçüncü zərbəni endirərkən isə mühafizəçilər tərəfindən tərki-silah edildi.

Şoqun sarayında silahı qınından çıxarmaq belə ağır cinayət sayılırdı. Bununla belə, Asano cinayətkar kimi edam olunmadı, ləyaqətli şəxs kimi harakiri etməsi əmr olundu. Asano da əmri yerinə yetirdi.

Yaponiyada ağası ölən və ya onun tərəfindən qovulan samuraylara “ronin” deyirdilər. Asanonun 47 samurayı da roninə çevrildi. Onlar Kiradan öz ağalarının qisasını almağa and içdilər. Amma anlayırdılar ki, onlara göz qoyulur, qisasdan ehtiyat edən Kira öz mühafizəsini gücləndirdi. Buna görə də roninlər bir müddət düşmənin sayıqlığını azaltmağı qərara aldılar.

Roninlər zahirən ağalarının ölümü ilə barışdılar və tacirə, rahibə çevrilərək öz həyatlarını yaşadılar. Onlara liderlik edən Oisi isə içkiyə qurşanaraq əyyaşlıq etməyə başladı. Asanonun roninlərinin qisas haqda düşünmədiklərini öyrənən Kira arxayınlaşdı.

Halbuki 47 ronin gizlində planlarını həyata keçirirdilər. Edoya silah toplayırdılar. Onlardan biri hətta Kiranın malikanəsinin planını öyrənmək üçün həmin malikanənini tikən ustanın qızı ilə evləndi.

1703-cü ilin yanvarında roninlar Edo şəhərində toplaşdılar. Andlarını təzələdilər və Kiranın malikanəsinə hücumu yanvarın 30-na təyin etdilər.

Həmin gün onlar iki dəstə halında malikanəyə hücuma keçdilər. Qəfil yaxalanan mühafizə müqavimət göstərə bilmədi. Kira gizli otaqda gizləndi, amma roninlər onu tapdılar. Oisi Kiraya bir samuray kimi intihar təklif etdi, amma Kira ya bacarmadı, ya boyun qaçırdı. Belə olduqda, Oisi onu öldürdü.

Hakimiyyət çətin vəziyyətə düşdü. Bir tərəfdən roninlər Busido kodeksinə əməl edərək ağalarının qisasını almışdılar. Digər tərəfdən, saray əyanını öldürmüşdülər. Nəticədə, onlar da edam olunmadılar, harakiriyə məhkum edildilər.

46 ronin martın 20-də harakiri etdi. Onlar Senqakuji məbədində, Asanonun yanında dəfn olundular. Biri isə yox idi. Onu, ən gənc ronini Oisi Akoya, Asanonun şəhərinə göndərmişdi ki, qisasın alındığını xəbər versin. O, mühakimə olunmaq üçün Edoya qayıdanda şoqun tərəfindən bağışlanıldı. 1747-ci ildə 87 yaşında vəfat etdikdə ağasının və 46 yoldaşının yanında dəfn edildi.

Yaponiyada hər il dekabrın 14-də (hadisə ay təqvimi ilə dekabrın 14-ə düşüb) xeyli adam 47 roninin məzarını ziyarət edir.

Chosen
16
26
vaxt.az

10Sources