Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə klubunun sabiq çalışdırıcısı Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb.
Arena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis buna komandasının Avropa Liqası matçında Rumıniyada “Styaua”nı məğlub etməklə nail olub.
Amorim Mançester təmsilçisinin tarixində komandaya rəhbərlik etdiyi ilk 4 avrokubok oyununda qalib gələn ikinci baş məşqçidir. Daha əvvəl bunu 1990/1991 mövsümündə klubun sabiq baş məşqçisi Aleks Ferqyuson bacarıb.
Xatırladaq ki, “Mançester Yunayted” Avropa Liqasının Liqa mərhələsini 18 xalla 3-cü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.
Ruben Amorim “Mançester Yunayted”də Erik ten Haqı əvəz edib. O, 2024-cü il noyabrın 11-dən etibarən “qırmızı şeytanlar”ın sükanı arxasında fəaliyyətinə başlayıb.
Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.
Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 18 oyuna çıxıb, 9 qələbə, 2 heçə-heçə, 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 34:32 nisbətindədir.
23 turdan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 29 xalla 12-ci pillədə qərarlaşıb.