31 yanvar 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı və Samux rayonu üzrə Gənclər İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Qürurlu və əzəmətli Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının partiya fəalları, ictimaiyyət nümayəndələri, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Rayon rəhbəri Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verib.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyev də hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlarına görə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb.
Daha sonra tədbirdə çıxış edən Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev gəncləri xüsusi gün münasibətilə təbrik edərək, gənclər siyasəti ilə bağlı ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında danışıb, gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulayıb.
Çıxış edən digər natiqlər Nuranə Həsənova, Alagöz Quliyeva dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan razılıq bildirib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Sonda rayonun ictimai-siyasi həyatında, təhsildə və idmanda fərqlənən bir qrup fəal gəncə fəxri fərman təqdim olunub.