EN

Azərbaycan-Ermənistan normallaşmasının "açarı" hazırda kimdədir?..

Image

Xaqani Cəfərli: "Bu ilin ikinci yarısına doğru “açar” sahibinin kimliyi aydınlaşacaq"

27 sentiyabr 2020-ci ilə qədə Azərbaycan ilə Ermənistan arasında davam edən münaqişədə status-kvo baxımından hamıda belə bir qənaət var idi ki, bu münaqişənin "açarı" Rusiyanın əlindədir. Rusiya özü də dolayısı ilə bunu təsdiqləyirdi. 

Qərb və Amerika "münaqişənini həlli istiqamətində" hər hansı bir addım atan kimi Rusiyanın cavab tədbiri özünü gözlətmirdi. Ya cəbhədə atəşkəs rejimi pozulurdu, ya da Moskva tərəflərin yeni və nəticəsiz bir görüşünu təşkil edirdi. Tərəflər də bu gorüşdən oz "məmnunluğunu" ifadə edirdi. Beləcə Rusiya bu iki ölkənin bədbəxtliyi üzərində öz hegemonlugunu qoruyub saxlayırdı. Həmin dövrdə belə bir təəssurat yaranmışdı ki, Qərb və Amerika münaqişənin həllində maraqlıdır, lakin Rusiya bu işi əngəlləyir. İndi isə Ermənistana Qərb və Amerikanın təsiri daha çoxdur, nəinki Rusiyanın... Elə isə bu iki ölkə arasında normalaşma niyə baş vermir, sülh müqaviləsini bağlamaq mümkün olmur.

"Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır, onun nizamlanması prosesi davam edir. Sabitliyin təmin edilməsinin əsas komponentləri Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin imzalanmasına hazırlıqdır". Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib. O, qeyd edib ki, Cənubi Qafqazda gərginlik Qərbin regionda öz təsirini artırmaq cəhdlərindən qaynaqlanır. 

Yəni 30 il bu "açar"ın Rusiyada olduğu güman edilirdi. Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının "açarı" kimdədir - Avropada, ya Rusiyada?

Bakı-Xəbər qəzetinin sualını cavablandıran politoloq Xaqani Cəfərli bidirdi ki, Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında Praqda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Nikol Paşinyanla keçirilən görüşdən sonra bəyan etmişdi ki, Ermənistan Azərbaycanın beş baza şərtini qəbul edib və ilin sonuna kimi sülh müqaviləsi imzalan bilər: "Lakin həmin dövrdən iki ildən artıq vaxt keçir və təqvimdə tarix 2025-ci ili göstərsə də sülh müqaviləsi imzalanmayıb. Bunun çox sadə bir səbəbi var. Ermənistanla Azərbaycan arasında müharibə yalnız erməni və Azərbaycan xalqının istəyinin nəticəsi olmadığı kimi, sülh müqaviləsi də yalnız Bakı və İrəvandan asılı deyil. Bəşəriyyətin tarixi boyu bütün müharibələrdə olduğu kimi, Ermənistanla Azərbaycan arasında müharibədə də maraqlı tərəflər vardı. Həmin maraqlı tərəflərin isə maraqları bir-biri ilə toqquşur. Rusiya postsovet məkanındakı münaqişələrdən bu çoğrafiya üzərində öz təsirini saxlamaq üçün istifadə edib. Moskvanın postsovet məkanına yönəlik siyasətinin əsasını məhz münaqişələrin idarə edilməsi ilə bu çoğrafiyadakı dövlətləri nəzarətdə saxlamaq istəyi təşkil edib. Bu siyasət bu gün də davam edir. 

İranın Cənubi Qafqaz siyasəti Rusiyanın Cənubi Qafqz siyasətinin tamamlayıcı hissəsi olduğu üçün bölgədəki münaqişələrə münasibətinin əsasını Moskvanın maraqlarının təmin edilməsi təşkil edir. Bu iki dövlət Ermənistanla Azərbaycan arasında münaqişənin birdəfəlik həllində maraqlı deyillər və sülh müqaviləsinin imzalanmasına maneə olurlar. İranın Zəngəzur dəhlizinə qarşı isterikasının əsas səbəbi budur. 

Qərb isə hələlik bölgədə əsas söz sahibinə çevrilmədiyi üçün sülhə nail ola bilmir. Ona görə də sülh müqaviləsi hələ də imzalanmayıb. 

İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamı dağılıb, yeni dünya düzəni isə hələ formalaşıb başa çatmayıb. Ona görə də   Azərbaycan-Ermənistan normallaşmasını “açarı” hələlik heç kimin əlində deyil.. Bu proses önəmli dərəcədə Çin-ABŞ münasibətlərinin inkişafından, Si Cin Pinlə Donald Trampın gözlənilən görüşünün nəticələrindən asılı olacaq. Qənatimcə bu ilin ikinci yarısına doğru “açar” sahibinin kimliyi aydınlaşacaq. Bu isə sülh müqaviləsinin imzalanmasının yolunu açacaq".

Akif NƏSİRLİ





Chosen
26
baki-xeber.com

1Sources