“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Hazırda bütün rəqiblərlə oynamaq çətindir. Asan oyun yoxdur. Bütün matçlarda bu cür əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım. Bu gün həddindən artıq intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi. “Şamaxı”nın heyətində əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var. Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik. Bu qələbə həmin matç üçün də bizə bir növ motivasiya oldu”.
Samir Abasov ötən tur “Araz-Naxçıvan”la oyundakı məğlubiyyəti də yada salıb:
“O məğlubiyyətin ən böyük səbəbkarı kimi özümü görürəm. Çünki özüm də reallığa yox, adımıza aldandım. Baxmayaraq ki, həmin qarşılaşmada da nizam-intizamlı çıxış etdik, lakin yenə də deyirəm, adımıza aldandıq. Və nəticə də göz qabağında idi. Bu matçda reallığı ortaya qoyduq. Rəqibə epizod verməməli, həddindən artıq düzgün oynamalıyıq. Bizim də reallığımız budur. Xeyli iş görülməlidir. Bu, qapıçıdan başlamış, hücumçuya qədər olan bir prosesdir. Növbəti oyunlarda da “Neftçi”nin reallığını göstərməyə çalışacağıq. Ştoqrin xeyli müddət meydanda olmadı, daha sonra isə əvəzləndi. Onun yerinə meydana daxil olan Ervin Koffidə təngənəfəslik vardı, çünki birdən-birə meydana daxil olmuşdu. Bu amili nəzərə alsaq, rəqibə üstünlük vermiş olduq. Lakin sonradan matça nəzarəti ələ ala bildik”.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Oyuna yaxşı başladıq. 100 faizli qol epizodlarından istifadə edə bilmədik. İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, birlikdə çıxacağıq.
Əsas izləyicilərimizlə böyük xal fərqimiz yoxdur. Qarşıda oyunlar var. Çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək”.