EN

15 ildən çoxdur ki, ABŞ-da belə faciəvi hadisə yaşanmayıb

Çərşənbə günü gecə Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə ABŞ Ordusuna məxsus helikopterin toqquşub. Bu qəza, son 15 ildən çox müddət ərzində ABŞ hava məkanında kommersiya aviasiyası ilə bağlı ilk kütləvi itkilərlə nəticələnən hadisədir.

Qəza nəticəsində 67 nəfərin həlak olduğu bildirilir. Hadisə American Airlines şirkətinə məxsus təyyarənin enişi zamanı baş verib. Rəsmi məlumata görə, Bombardier CRJ700 tipli regional sərnişin təyyarəsi ilə Sikorsky H-60 (Black Hawk) helikopteri yer səviyyəsindən cəmi bir neçə yüz metr yüksəklikdə toqquşub.

Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü olub. Hərbi helikopterin göyərtəsində isə pilot da daxil olmaqla üç hərbçi olub. Qəzadan sonra helikopter və təyyarə Potomak çayının buzlu sularına düşüb, hadisədən sağ çıxan yoxdur.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

Lakin The New York Times (NYT) qəzeti cümə axşamı günü “Federal Aviasiya Administrasiyasınının daxili ilkin təhlükəsizlik hesabatı”na istinadən yazıb ki, qəza baş verən gecə hava limanının hava hərəkətinə nəzarət qülləsində işçi heyətin sayı “normal” olmayıb. NYT yazır ki, həmin gecə yalnız bir hava hərəkəti dispetçeri həm gələn, həm gedən təyyarələri, həm də bölgədəki helikopter uçuşlarını idarə edibmiş. Adətən bu vəzifələr iki dispetçer arasında bölüşdürülür.

Mütəxəssislər qəzanı anomaliya hesab edirlər

Aviasiya mütəxəssisləri deyirlər ki, bu qəza nə qədər faciəvi olsa da, anomaliya kimi qiymətləndirilməlidir. Belə ki, son 15 ildən çoxdur ki, ABŞ-da belə faciəvi hadisə yaşanmayıb.

United Airlines şirkətinin keçmiş pilotu Kapitan Ross Amerikanın Səsinə deyib ki, pilotlar hər gün möcüzələr yaradırlar: "Vaşinqton Milli Hava Limanı mənim 60 illik aviasiya təcrübəmdə, dünyanın ən tələbkar və ən işlək hava limanlarından biridir.”

ABŞ hava məkanında buna bənzər kommersiya aviasiyası qəzası 2009-cu ildə baş verib. Həmin il Colgan Air şirkətinə məxsus bir təyyarə Nyu-Cersidən Nyu-York ştatının Buffalo şəhərinə uçarkən eniş zamanı dayanıqlılığını itirmiş və yaşayış evinə çırpılaraq 49 sərnişin və ekipaj üzvünün, eləcə də evdə olan bir nəfərin ölümü ilə nəticələnmişdi.

2013-cü ildə isə Asiana Airlines aviaşirkətinə məxsus bir təyyarə Kaliforniyanın San-Fransisko şəhərində eniş edərkən qəzaya uğramışdı. Təhlükəsizlik kəməri taxmayan iki sərnişin təyyarədən çölə atılaraq həlak olmuş, daha bir nəfər isə aerodromda fövqəladə vəziyyət zamanı xidmət göstərən avtomobil tərəfindən vurularaq dünyasını dəyişmişdi. Hadisədə 187 nəfər yaralanmışdı, lakin əlavə ölüm halları qeydə alınmamışdı.

Son illərdə ABŞ aviaşirkətləri ilə bağlı bir sıra yüksək profilli hadisələr baş versə də, heç biri kütləvi itkilərlə nəticələnməyib. Məsələn, keçən il Alaska Airlines şirkətinə məxsus Boeing 737 Max təyyarəsinin qapısı havada açılmışdı. Bununla belə, təyyarə uğurla eniş etmiş və yalnız bir neçə sərnişin yüngül xəsarət almışdı.

Mütəxəssislər deyirlər ki, bu cür hadisələr hər il ABŞ-da baş tutan milyonlarla uçuşun yalnız cüzi bir hissəsində baş verib.

Hava yolları sənayesinin analitiki və keçmiş aviaşirkət rəhbəri Robert W. Mann Jr. Amerikanın Səsinə bildirib ki, ABŞ-ın kommersiya aviasiyası sənayesində təhlükəsizlik insidentlərinin səviyyəsi olduqca aşağıdır və ölüm halları ilə nəticələnən qəza ehtimalı da çox azdır.

“Bu sadəcə şans deyil, bu, səydir,” – o deyib. “Biz xoşbəxtik ki, bu sahədə fəaliyyət göstərən çox sayda peşəkarlar var. Nəzarət sistemində isə əsas prioritet məhz təhlükəsizlikdir.”

Qəza sıx hava məkanında baş verib

Hadisə ABŞ-ın ən sıx və eyni zamanda ən ciddi tənzimlənən hava məkanlarından birində baş verib. Vaşinqton bölgəsində üç əsas beynəlxalq hava limanı, 11 regional hava limanı və onlarla helikopterin eniş ərazisi mövcuddur. Bundan əlavə, bu ərazidə hərbi aviasiya əməliyyatları həyata keçirən bir neçə hərbi baza da yerləşir.

Traffic separation refers to the distance, in time and space, between aircraft in the same area.

ABŞ ordusunun keçmiş leytenant-polkovniki, uçuş təlimatçısı və qəza təhqiqatçısı olmuş Kit M. Cianfrani Amerikaının Səsinə açıqlamasında bildirib ki, o, hərbi xidmətdə olduğu dövrdə və daha sonra kommersiya pilotu kimi qəzanın baş verdiyi ərazidə helikopterlər uçurub.

“Bura çox yüklənmiş bir hava məkanıdır,” – deyə hazırda aviasiya təhlükəsizliyi üzrə məsləhətçi və Embry-Riddle Aeronavtika Universitetinin müəllimi olan Cianfrani bildirib. “Uçan təyyarə ilə yolun kəsişməsi normal bir haldır, yetər ki, hava trafikinin tənzimlənməsi qaydalarına riayət olunsun.”

Cianfrani deyir ki, ərazidəki sıx hava məkanına görə, hava vasitələrinin harada və nə vaxt ola biləcəyi ilə bağlı çox dəqiq qaydalar mövcuddur. Xüsusilə, helikopterlər bölgədən keçərkən müəyyən marşrutları izləməlidirlər. Onun sözlərinə görə, belə bir qəzanın baş verməsi “çox nadir” bir haldır.

“Ümumilikdə, ABŞ-ın aviasiya sənayesi yüksək səviyyədədir,” – deyə o əlavə edir: "Burada hamı təhlükəsizliyin idarə olunması sistemlərinə riayət etməlidir. Mütəmadi olaraq aviasiya şirkətləri baxışdan keçir. Onların daxili audit proqramları var və mənim kimi mütəxəssislər daim gedib təhlükəsizlik proqramlarını yoxlayır. Bu sistem həqiqətən də möhtəşəmdir.”

Federal aviasiya nəzarətində rəhbərlik dəyişikliyi

Çərşənbə günü baş verən qəza, Prezident Donald Trampın administrasiyası tərəfindən uçuş təhlükəsizliyinə cavabdeh federal agentliklərin rəhbərliyində dəyişikliklərin həyata keçirildiyi bir dövrə təsadüf edir.

Andiçmədən bir gün sonra, Donald Tramp Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) rəhbəri David Pekoskeni vəzifəsindən azad edib. Federal hökumətə aviasiya təhlükəsizliyi ilə bağlı tövsiyələr verən Aviasiya Təhlükəsizliyi Məsləhət Komitəsi də ləğv edilib. O, həmçinin işə qəbulun dondurulmasına təşəbbüs göstərərək, yeni hava hərəkəti dispetçerlərinin işə götürülməsinin qarşısını alıb.

Federal Aviasiya Administrasiyasına (FAA) nəzarət edən Nəqliyyat Naziri Şon Daffi, qəza baş verməzdən bir gün əvvəl vəzifəsinə başlayıb.

Keçmiş Prezident Co Baydenin administrasiyasında FAA-nın rəhbəri olmuş Maykl Uitaker, Trampın vəzifəyə başladığı gün, postundan istefa verəcəyini açıqlamışdı.

Donald Tramp Maykl Uitakerin yerinə müvəqqəti olaraq Federal Aviasiya Administrasiyasında 20 ildən çox təcrübəsi olan və keçmiş Hərbi Hava Qüvvələri zabiti Kris Roşelonu təyin edib.

Tramp qəzanın günahını əvvəlki administrasiya ilə bölüşür

Potomak çayında xilasetmə qrupları hələ də cəsədləri axtararkən, Prezident Donald Tramp mətbuat konfransı keçirib və qəzanın məsuliyyətini əvvəlki prezident administrasiyasının üzərinə atmağa çalışıb. O, heç bir sübut təqdim etmədən, Bayden administrasiyasının “müxtəliflik, bərabərlik və inklüzivlik” təşəbbüsləri çərçivəsində hava hərəkəti dispetçerləri üçün işə qəbul standartlarını aşağı saldığını iddia edib.

Tramp xüsusilə keçmiş Nəqliyyat Naziri Pit Buticeci hədəf alaraq, onu tənqid edib.

Buticec isə X platformasında paylaşım edərək Donald Trampa cavab verib:

“Ailələr yas tutarkən, Tramp yalan danışmaq əvəzinə liderlik etməlidir. Biz təhlükəsizliyi birinci yerə qoyduq, yaxın təmasları azaltdıq, Hava Hərəkəti Nəzarətini genişləndirdik və bizim dövrümüzdə milyonlarla uçuş arasında kommersiya aviaşirkətlərində sıfır qəza, ölüm hadisəsi olub. Prezident Tramp indi həm ordunu, həm də FAA-nı idarə edir. Onun ilk hərəkətlərindən biri səmanı təhlükəsiz saxlamağa kömək edən əsas personalları işdən çıxarmaq və ya dayandırmaq olub. İndi Prezidentin əsl liderlik göstərərək, bunun təkrar baş verməməsi üçün nə edəcəyini izah etməsinin vaxtıdır.

visiontv.az



Chosen
6
visiontv.az

1Sources