“Azərbaycan Gənclərinin1996-cı il fevralın 2-də keçirilən I Forumunda etdiyi tarixi çıxışında Ümummilli Lider Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri 2 fevral – Gənclər günü münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat əlavə edib ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilməsi üçün gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, milli vətənpərvər ruhda formalaşmaları, eləcə də hər zaman dövlətin qayğısını hiss etmələri mühüm şərtlərdən biridir:
“Məhz bütün bunların həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gəncliyə qayğını hər zaman önə çəkən, eyni zamanda, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ən çox ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə mühüm sənədlər imzalayıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra -1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur”.