«Neftçi»nin hücumçusu Ramil Şeydayevin Premyer Liqanın 21-ci turunda «Şamaxı»ya qarşı forma geyinməməsinin səbəbi məlum olub.
Samir Abasov «Araz-Naxçıvan»a 1:2 hesabıyla uduzduqları matça görə onu sərt tənbeh edib.
Baş məşqçi Mərdəkanda keçirilən qarşılaşmada 90 dəqiqə meydanda saxladığı forvardı məğlubiyyətin səbəbkarları arasında göstərib.
Oyunun analizini aparan çalışdırıcı 29 yaşlı ön xətt futbolçusuna şans qazandığı müddətdə komandaya heç bir fayda vermədiyini bildirib.
Ötən ilin oktyabrında «ağ-qaralar»ın sükanı arxasına qayıtmış mütəxəssis Şeydayevə deyib ki, o, üzərinə düşən işi yerinə yetirmir, rəqiblərin müdafiə xəttini təzyiq altında saxlamır, ümumiyyətlə, az hərəkət edir. Abasovun son xəbərdarlığı kifayət qədər konkret olub - nə vaxt özünü düzəldəcəksən, onda da oynayacaqsan.
Millimizin hücumçusu bü mövsümdən paytaxt təmsilçisinin şərəfini qoruyur. «Kocaelispor»dan gələn «Zenit»in yetirməsi «ağ-qaralar»la 3 illik müqavilə imzalayıb.
Roman Qriqorçukun istədiyi ilə düşərgəyə cəlb olunmuş Ramil Premyer Liqanın geridə qalan hissəsində vur-tut 3 qol vura bilib.
SPORTİNFO.AZ