EN

Attestat qiymətləri universitetə qəbula nə qədər təsir edir?

“Bəzi ölkələrdə isə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir”.

   

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

154292

Ekspertin sözlərinə görə, bir neçə fəndən 2 alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansısa bir məhdudiyyət tətbiq olunmur:

 

“Məlumdur ki, abituriyentlər 3 fənn üzrə buraxılış imtahanı verirlər. Əgər abituriyent burada 1 və ya 2 bal toplayarsa, həmin zəif nəticə attestata necə təsir göstərir? İlk növbədə 2 qiyməti haqqında fikirlərimi bölüşmək istəyirəm. Şagird ümumiyyətlə hər hansı bir fəndən 1, 2, 3 və ya 4 dəfə 2 qiyməti alsa da, attestat almış hesab olunur. Yəni bir neçə fəndən bu qiyməti alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur. Bunun həm müsbət, həm də mənfi tərəfləri vardır. Belə ki, şagirdlər düşünür ki, "müəllim mənə  2 yazsa da, mən attestatımı ala biləcəyəm".

 

Bu məqam onlara müsbət tərəf kimi görsənir. Ona görə də şagirdin müəllimdən və həmin fəndən müəyyən bir çəkincəsi olmur. Əslində, bu sistem Avropanın bəzi inkişaf etmiş ölkələrində də tətbiq olunur. Belə ki, şagird ümumtəhsil məktəbində davamiyyətini tamamlasa, o zaman neçə qiymət almasından asılı olmayaraq, ona müvafiq şəhadətnamə verilməlidir. Bizdə də hazırda bu sistem tətbiq olunur".

 

Həmsöhbətimiz əlavə edib ki, buraxılışda iştirak etmiş şagird hər üç fəndən birində aşağı nəticə göstərsə belə bu onun ümumi nəticəsinə heç bir əngəl törətmir:

 

“Bəs bunun mənfi cəhəti nədir? Əslində, məsələnin müəllim yönündən mənfi tərəfi var. Aydın məsələdir ki, müəllimlər şagirdlərin dərsə hazır gəlməsi və dərs oxuması üçün, həmçinin müəllimlik bacarıqlarını şagirdə isbat etmələri üçün qiymətləri bir növ "bəhanə" kimi istifadə edirlər. Yəni qiymət, müəllimin əlində bir vasitə olaraq qalır və müəllim bu vasitədən istifadə etməyə çalışır. Aşağı qiymət verdiyi zaman şagird narahat olur və bu, müəllimə bir növ təsir edici faktor kimi görünür. Lakin, bu sistemdə şagird artıq düşünür ki, “müəllim nə qədər aşağı qiymət yazarsa yazsın, mən yenə də attestatımı alacağam”.

 

Müasir təhsil sistemində 2 qiyməti alsa belə, şagirdin attestat alması ilə bağlı heç bir problem yoxdur. Şəxsi fikrimə görə, Avropada bəzi universitetlərdə attestat qiymətləri ilə ali məktəblərə qəbul həyata keçirilir. Məsələn, Almaniyada abituriyentlərin imtahanı olur və nəticələrinə uyğun olaraq şagirdlər universitetə qəbul edilirlər.

 

Bizdə isə bunu tənzimləyən qurum Dövlət İmtahan Mərkəzidir. Yəni şagird düşünür ki, 2 qiymətim olsa da, DİM vasitəsilə müvafiq balı toplayıb, ali məktəbə qəbul ola bilərəm. Buna görə də abituriyentlərdə narahatlıq yaranmır. Lakin bəzi ölkələrdə isə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir. Bizdə isə ballar eyni olduğu halda, attestat qiymətləri ikinci mərhələ kimi nəzərə alınır.

 

Bəzi şagirdlər 2 qiymətindən qorxmurlar, amma bizim dövrümüzdə 2 qiyməti almamaq üçün əlimizdən gələni edirdik. Bu da təbii ki, şagirdin müəllim qarşısında müəyyən bir qorxu və narahatlıq hissini yaratmaqla yanaşı, dərsə daha çox diqqət yetirməyə səbəb olurdu.

 

9 və 11-ci sinif şagirdləri şəhadətnamə almaq üçün buraxılış imtahanında iştirak edirlər. Buraxılış imtahanında iştirak edən şagirdlər, hər üç fəndən birində aşağı nəticə göstərsələr belə, bu, onların ümumi nəticələrinə və şəhadətnamə almaqlarına əngəl yaratmır. Yəni, şagird buraxılış imtahanında 2 bal toplasa belə, yenə də attestat almış olacaq. Buraxılış imtahanında 2 alınmasının ümumi qiymətləndirməyə ciddi təsiri yoxdur. Məsələn, əgər orta məktəbdə ümumi illik qiymət 5-dirsə və buraxılış imtahanında şagird 4 alırsa, bu şagirdin attestatına 5 yazılacaq. Yəni buraxılış imtahanında aldığı 4-ün o qədər də təsiri olmayacaq.

 

Hazırkı vəziyyət belədir. Bu məsələdə düşünürəm ki, ciddi bir problem yoxdur, çünki müasirliyi nəzərə alaraq hər bir halda uşaqların ali təhsil almasını çox istəyirəm. Bəzi uşaqlar zəif nəticə göstərsələr də, ali təhsil alaraq müəyyən mədəniyyətə malik olur, bu da cəmiyyətimizin təhsilli olmasına müəyyən qədər təsir göstərir".

Chosen
5
azedu.az

1Sources