EN

AŞPA və Gürcüstan arasında gərginlik: Səlahiyyətlər, seçkilər və viza məhdudiyyətləri – ÖZƏL

Gürcüstan nümayəndə heyəti yanvarın 29-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb.

Mövzu ilə bağlı BMTM-in eksperti Nəsibə Mirzəyeva Olaylar.az-a danışıb.

Nəsibə Mirzəyeva bildirib ki, AŞPA-nın qış sessiyasında Gürcüstanla bağlı müzakirələrə geniş yer verilib:

"Yanvarın 27-də açıq elan edilən Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müzakirə olunan məsələlərdən biri Gürcüstan nümayəndəliyinin səlahiyyətlərinin müəyyənləşdirilməsi olub. Gürcü müxalifəti bir neçə həftə əvvəl Strasburqa məktub göndərərək, Gürcüstan nümayəndələrinin AŞPA-dakı səlahiyyətlərinin dayandırılmasını tələb edib. Onlar bu addımla, ölkədəki hadisələri beynəlxalq ictimaiyyətə çatdırmaq və bununla bağlı müəyyən sübutlar təqdim etmək niyyətində olduqlarını ifadə ediblər. Onların fikrincə, bu addım, Gürcüstan hakimiyyətinə müəyyən problemləri  həlli üçün istiqamət vermək məqsədini güdür. Lakin hakim partiya müxalifətin tələblərini ölkəyə qarşı xəyanət kimi qiymətləndirib. "Gürcü Arzusu" partiyası Tea Tsulukiani rəhbərliyində nümayəndəliyin Avropa Şurasına obyektiv məlumat verdiyini bəyan edib. T.Tsulukiani hesab edir ki, müxalifətin əsas məqsədi AŞPA-da Gürcüstanda demokratik seçkilərin keçirilmədiyi barədə bəyanatını vermək, o cümlədən prezident Mixeil Kavelaşvilinin yerinə Salome Zurabişvilinin tanınmasına nail olmaqdır".

Ekspert Gürcüstan hakimiyyəti və AŞPA arasındakı ziddiyyətlərin səbəblərini açıqlayıb.

"Parlament çoxluğu AŞPA-da Gürcüstan nümayəndəliyinə hər hansı bir məhdudiyyətin tətbiqinə şübhə ilə yanaşıb və irəli sürülən iddialara qarşı mövqelərini açıqlayıb. Bu arqumentlərə əsasən: 
 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilmiş seçkilərin nəticələri müsbət qiymətləndirilib; 
Avropa Şurası Parlament Assambleyasının oktyabrın 26-da müzakirəyə çıxardığı "Ədalətli Seçkilər"in paralel hesablaması ilə seçki nəticələri arasında uyğunsuzluq tapılmayıb; 
2024-cü ildə keçirilən seçkilərlə bağlı şikayətlərin sayının 2020-ci il seçkiləri ilə müqayisədə xeyli az olduğu bildirilib; 
Xarici ekspertlər tərəfindən aparılan istintaq nəticələri seçkilərdə istifadə olunan avadanlıqların çoxsaylı pozuntuların qarşısını aldığını göstərib; 
Hakimlər tərəfindən seçkilər üzrə 400-dən çox şəxs dindirilib və çoxu öz iddialarını üçüncü şəxslərə və ya medianın məlumatlarına əsaslandıraraq bu iddialar əsassız sayılıb".

Müsahibimiz Aİ ilə gərginlik və viza rejimi ilə bağlı Gürcüstan hakimiyyətinin fikirlərini də qeyd edib.

"Avropa İttifaqı Şurası, Gürcüstanla Aİ arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrini dayandırmaq qərarına gəlib. Bu qərar, Gürcüstanda qəbul olunan "Xarici Təsirin Şəffaflığı Haqqında" qanun və "Ailə Dəyərləri və Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi Haqqında" qanunvericilik paketinə cavab olaraq verilmişdir. Bu qərar nəticəsində, Gürcüstan diplomatlarının və rəsmi şəxslərinin Aİ-yə səfəri zamanı vizaya müraciət etmələri tələb oluna bilər. Hakim partiya bu qərarın ikili standartlara əsaslandığını və ABŞ-ın da oxşar qərarlar verdiyini qeyd edib. Başqa bir arqument olaraq hakimiyyətin son üç ildə apardığı siyasətə görə cəzalandırılmasının məqsədli olduğu iddia edilib. Baş nazir bu qərarı simvolik və qeyri-effektiv adlandırıb".

Nəsibə Mirzəyeva Avropa Şurası Parlament Assambleyasının Gürcüstan hökumətindən jurnalistlərə və vətəndaş fəallarına qarşı hüquqi tədbirlərin tətbiq edilməməsi, həmçinin "Xarici Agentlər" qanununun geri çəkilməsini tələb etdiyini bildirib.

"Avropa Şurası Parlament Assambleyası, Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 134 deputatdan 114-ü tərəfindən dəstəklənib, 13-ü əleyhinə səs verib və 7-si bitərəf qalıb. Bu qətnamədə Gürcüstan hakimiyyətinə qarşıdakı aylarda yeni seçkilərin elan edilməsi, nümayişçilərə qarşı güc tətbiqinin dayandırılması, jurnalistlərə və vətəndaş fəallarına qarşı hüquqi tədbirlərin tətbiq edilməməsi, həmçinin "Xarici Agentlər" qanununun geri çəkilməsi tələb edilib. Bu şərtlərin aprel ayına qədər yerinə yetirilməsi tələb olunub. Gürcüstan nümayəndəliyi isə qətnamənin bir milyon 120 min seçicinin iradəsini nəzərə almadığını və bunun qəbuledilməz olduğunu bildirib. Baş nazir İrakli Kobaxidze, AŞPA-nın hər il daha az aktual və funksional olduğunu və bu şəraitdə təşkilatın işində iştirak etməyin Gürcüstan üçün mənfi nəticələr yaratmayacağını bəyan edib".

Ekspert sonda qeyd edib ki, Gürcüstanın Avropa Şurası və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığı ölkənin gələcək inkişafınında böyük rol oynayır.

"Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəliyinin səlahiyyətlərinə dair müzakirələr və qəbul edilən qərarlar, ölkənin daxili siyasətinin və beynəlxalq münasibətlərinin daha geniş kontekstində əhəmiyyətli bir məsələ olaraq qalır. Bu proses, həm daxili siyasətdəki gərginliklərin, həm də Gürcüstanın Avropa ilə əlaqələrinin inkişafı ilə bağlı mövcud narahatlıqların işıqlandırılmasına səbəb olmuşdur. Hər iki tərəf öz mövqeyini əsaslandırmağa davam edir və bu məsələnin həlli, müvafiq qanunvericilik dəyişiklikləri və dialoq vasitəsilə qarşılıqlı anlaşma və kompromisə əsaslanmalıdır. Gürcüstanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi, ölkənin gələcək inkişafı və demokratik proseslərin gücləndirilməsi üçün mühüm rol oynamağa davam edəcəkdir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources