EN

“Dövlət qurumlarının işçiləri parkinqə pul verməmək üçün…” – YASAMAL SAKİNLƏRİ NARAZIDIR - VİDEO

Son illər paytaxtda avtomobillərin sayının artması şəhərdə parklama ilə bağlı bir sıra problemlərə səbəb olub. Belə ki, yol kənarlarında təşkil edilən parkinqlərdə yer tapnmayan, eləcə də ödənişli parkinqlərdən uzaq qaçan sürücülər öz nəqliyyat vasitələrini məhəllələrdə parklamalı olurlar.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonundakı məhəllələrdə avtomobil parklanması ilə bağlı ciddi problemlər yaranıb. Rayonun İnşaatçılar prospektinin sakinlərin sözlərinə görə, artıq uzun müddətdir ki, öz avtomobillərini məhəllədə saxlamağa yer tapa bilmirlər. Problemin əsas səbəbi kimi isə həmin əraziyə kənar şəxslərin – qonşu küçə və prospektlərdə işləyən, idarələrə müraciət üçün gələnlər, universitet tələbələrinin avtomobillərini park etməsi göstərilir.

Məhəllələrdə avtomobil sıxlığı getdikcə artır, nəticədə nəqliyyat axını çətinləşir, həyətlərdə təhlükəli vəziyyət yaranır. Sakinlər bildirirlər ki, xüsusilə səhər və axşam saatlarında vəziyyət dözülməz həddə çatır.

“Təcili həkimə getməli olanda maşını parklama yerindən çıxarmağa imkan olmayıb. Belə olduğu halda isə məcbur qalıb taksi çağırıb onunla getməli olmuşam”,– deyə yerli sakinlərdən biri qeyd edir.

Sakinlər qeyd edirlər ki, kənardan gələn avtomobillərin çoxluğu onların rahatlığını tamamilə pozur:

 “Bəzən elə olur k, maşınımı saxladığım yerdən çıxarda bilmirəm. Kənar şəxslər avtomobillərini hər tərəfə park edirlər, nəticədə nə keçid qalır, nə də hərəkət imkanı”.

Bu vəziyyətin artıq dözülməz həddə çatdığını və aidiyyəti qurumların təcili tədbirlər görməli olduğunu vurğulayan sakinlər, məhəllə girişlərinin nəzarət altına alınmasını tələb edirlər. Bundan əlavə, bəzi sürücülər avtomobillərini qeyri-qanuni şəkildə səkilərdə, yol kənarlarında və hətta yaşayış binalarının giriş hissələrində saxlayırlar. Bu piyadalar üçün də təhlükə yaradır:

“Bəzən zibil atmağa gəldikdə belə qabların qarşısında duran maşınlar bizim hərəkətimizə maneə olur, həmçinin körpə uşaqlarımızla həyətə çıxmağa qorxuruq. Maşınlar o qədər sıx düzülüb ki, uşaqları rahatlıqla oynada bilmirik”.

Parklanma sıxlığı təkcə məişət problemləri yaratmır, həm də ciddi təhlükəsizlik məsələlərinə səbəb olur. Sakinlərin sözlərinə görə, məhəllədə avtomobillər nizamsız şəkildə saxlandığı üçün fövqəladə hallarda təcili tibbi yardım maşınlarının və yanğınsöndürən avtomobillərin əraziyə daxil olması çətinləşir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, biz özümüz də artıq bu problemlərlə sıx üzləşirik:

“Bu məsələ daha çox parklanma yerləri ödənişli olduqdan sonra özünü göstərməyə başlayıb. Son dövrlərdə ödənişli parklanma yerlərinin artması ilə bağlı bəzi problemlər ortaya çıxıb. Məsələn, bizim birləşdiyimiz ofis ərazisi Statistika Komitəsinin yaxınlığında yerləşir. Lakin burada yalnız həmin ərazidə çalışan insanlar deyil, Xarici İşlər Nazirliyinin əməkdaşları və ya Kaspian Plaza işçiləri də maşınlarını saxlayır. Onlar öz ofislərinə yaxın yerdə parklanmaq əvəzinə, boş yer tapdıqları hər hansı binanın həyətində avtomobillərini qoyurlar. Bu isə sakinlər üçün ciddi problemlər yaradır. Binaların həyətlərində maşın sıxlığı artır, nəticədə uşaqlar oynaya bilmir. Avtomobillərin buraxdığı zərərli qazlar və səs-küy sakinləri narahat edir. Sakinlər məcbur qalıb ərazilərinə şlaqbaum qoyurlar, lakin bu da qanunla qadağandır və son dövrlərdə FHN həmin maneələri sökməyə başlayıb. Təcili yardım və polis maşınları həyətə daxil olmaqda çətinlik çəkir. Qonaqlar gəldikdə və ya sakinlər təcili halda maşınlarından istifadə etmək istədikdə parklanma problemi yaranır”.

Ekspert təklif edir ki, bu problemlərin həlli üçün təklif edirəm ki, ərazidə işləyən şəxslər üçün xüsusi aylıq parklanma kartı sistemi tətbiq edilsin:

“Bu cür sistem insanların nəqliyyat vasitələrini qanuni və rahat şəkildə saxlamağına şərait yaradacaq və binaların həyətlərindəki sıxlığı azaldacaq. Hazırda Bakı şəhərində minlərlə sakin bu problemlə üzləşir və narazılıqlar artır. Məsələ ilə bağlı müvafiq tədbirlər görülməlidir ki, həm sakinlər, həm də ərazidə çalışan insanlar üçün ədalətli və rahat həll yolu tapılsın”.

Məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbirlər görməsi və müvafiq həll yolları tapması tələb olunur. Əks halda, bu problem təkcə narahatlıq deyil, eyni zamanda təhlükəsizlik baxımından da ciddi risklər yarada bilər. Sakinlərin rahatlığı və təhlükəsizliyi üçün məsələ qısa zamanda həllini tapmalıdır.

Fidan

 

Chosen
8
avtosfer.az

1Sources