PRESS-RELIZ
Bakı, 1 fevral 2025-ci il – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Pediatriya Cəmiyyəti və Azərbaycan Revmatoloqları İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumu keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Daha sonra simpoziumun sədri, pediatrik revmatoloq Aytən Əliyeva açılış nitqi ilə çıxış edərək iştirakçıları salamladı.
Aytən Əliyeva çıxışında simpoziumun Azərbaycan tibb tarixində mühüm bir hadisə olduğunu vurğulayaraq, tədbirin uşaq revmatologiyası sahəsində yenilikləri işıqlandırmaq və revmatoloji xəstəliklərdən əziyyət çəkən uşaqların sosial həyatına diqqət çəkmək məqsədi daşıdığını qeyd etdi. O, həmçinin simpoziumun əsas məqsədlərindən birinin dünya uşaq revmatologiyasındakı son nailiyyətləri yerli həkimlərlə bölüşmək olduğunu bildirdi.
Tədbirin əsas müzakirə mövzularından biri revmatoloji xəstəliklər səbəbilə məktəb yaşlı uşaqların təhsildən geri qalması və bu problemin həlli yolları oldu. Aytən Əliyeva çıxışının sonunda revmatoloji xəstəliklərdən əziyyət çəkən uşaqların iştirak etdiyi xüsusi bir videonu təqdim etdi.
Simpoziumda çıxış üçün TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov söz aldı. Daha sonra Milli Məclisin deputatları İlham Məmmədov və Müşfiq Məmmədov, Azərbaycan Tibb Universitetinin professoru Fatimə Seyidbəyova kimi rəsmi qonaqlar çıxış etdilər. Ardınca Azərbaycan Revmatoloqları İctimai Birliyinin sədri Prof. Sahib Musayev, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Tüfd. Əli Quliyev və Türk Pediatri Qurumunun sədri Prof. Özgür Kasapçopur simpoziumun əhəmiyyətini vurğulayan fikirlərini bölüşdülər.
Rəsmi çıxışlardan sonra simpoziumun elmi hissəsi öz fəaliyyətinə başladı.
Elmi paneldə xarici və yerli mütəxəssislər uşaq revmatologiyasının müxtəlif mövzularını əhatə edən bir-birindən maraqlı və faydalı çıxışlar ediblər.