EN

Vaşinqtonda təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat davam edir

60 sərnişin və 4 ekipaj üzvünü daşıyan American Airlines təyyarəsinin çərşənbə günü axşam ABŞ ordusunun üç əsgəri daşıyan helikopteri ilə havada toqquşması nəticəsində qəzads bütün sərnişinlərin öldüyü ehtimal edilir. Rəsmilər dəqiq səbəbləri araşdırdığı vaxt prezident Donald Tramp hökumətin işə qəbul zamanı müxtəliflik proqramlarını Vaşinqtonda Reyqan adına milli hava limanı yaxınlığında qəzanın mümkün səbəbi olaraq irəli sürüb. Amerikanın Səsinin Ağ Ev bürosunun rəhbəri Patsi Vidakusvaranın məlumatı bu haqdadır.

Dalğıclar da daxil olmaqla, təcili yardım işçiləri Vaşinqtonda Reyqan adına milli hava limanı yaxınlığında Potomak çayının soyuq sularında dağıntıların düşdüyü yerdə gecə boyu işləyiblər.

Müşahidə videosu çərşənbə günü saat 21 radələrində Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçan American Airlines təyyarəsinin ABŞ hərbi helikopteri ilə toqquşduğu anı göstərir. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç əsgər olub.

Prezident Donald Tramp cümə axşamı başsağlığı bildirib və Ağ Evdə jurnalistlər qarşısında qəzanın səbəbi ilə bağlı fərziyyələr səsləndirib.

Prezident Donald Tramp

“Biz bu fəlakətə nəyin səbəb olduğunu bilmirik, lakin bizim çox güclü fikir və mülahizələrimiz var”.

Tramp sələfləri Barak Obama və Co Bayden dövründə Federal Aviasiya Administrasiyasında müxtəliflik siyasətini günahlandırıb.

Prezident Donald Tramp

“Federal Aviasiya Administrasiyası daxilində bir qrup – bu, başqa bir hekayədir - işçi qüvvəsinin daha çox ağlardan ibartə olduğunu müəyyən edib və onlar administrasiyanın bunu dəyişdirməsi və dərhal dəyişdirməsi üçün birgə səy göstəriblər.”

O bildirib ki, toqquşmanın qarşısı alınmalı idi. Qəzadan bir qədər əvvəl aviadispetçer helikopterdən təyyarəni görüb-görmədiyini soruşub.

“PAT-25 siz CRJ təyyarəsini görürsünüzmü?”

Rəsmilər buzlu sulardan onlarla cəsədin çıxarıldığını bildirib. Qəza çərşənbə günü and içərək, vəzifəsinin icrasına başlamış nəqliyyat naziri Şon Daffi üçün ilk böyük böhrandır.

Şon Daffi, ABŞ Nəqliyyat Naziri

“Biz Nəqliyyat Departamenti və FAA olaraq prezident Trampın irəli sürdüyü islahatların həyata keçirilməsinə görə məsuliyyəti üzərimizə götürəcəyik”.

Müdafiə naziri Pit Heqset əsgərlərin təlim uçuşu keçirdiyini və qəza zamanı gecə görmə eynəkləri taxdığını bildirib.

Pit Heqset, Müdafiə Naziri

“Hərbi qüvvələr təhlükəli vəzifələr yerinə yetirir. Onlar müntəzəm olaraq rutin işlər görür. Təəssüf ki, dünən axşam səhvə yol verilib”.

American Airlines şirkətinin baş direktoru Robert Aysom araşdırmaya kömək edəcəyinə söz verib.

Robert Aysom, American Airlines şirkətinin baş direktoru

“Biz yerli, ştat və federal hakimiyyət orqanları ilə fövqəladə hallara cavab səylərində fəal əməkdaşlıq edirik və American Airlines-ın dəstək qrupu sərnişinlərimizə və onların ailələrinə kömək etmək üçün səfərbər edilib”.

Sərnişinlər arasında ABŞ-ın fiqurlu konkisürmə idmançıları, məşqçilər və onların ailələri, eləcə də rusiyalı dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov cütlüyü olub.

Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin sözçüsü

“Bu hava qəzasında həlak olan həmvətənlərimizi itirən yaxınlarımıza başsağlığı veririk. Hələ ki, ən yüksək səviyyədə təmasla bağlı plan yoxdur”.

Qəza 2001-ci ilin noyabrından bəri ABŞ-da ən ölümcül avia fəlakətidir.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources