EN

Bir ayda 9 neft obyekti – Ukrayna PUA-larının Rusiyanın enerji sektoruna ziyanı artır

Təkcə yanvar ayında Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 9 neft obyektini vurmağa nail olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin rəsmi açıqlamasında belə deyilir.

Yanvar ayında Rusiyanın neft və hərbi infrastrukturuna dəqiq zərbələr yanvarın 8-də Engelsdəki neft bazasına hücumla başlayıb. Nəticədə, genişmiqyaslı yanğın baş verib və yerli hakimiyyət orqanları “sənaye obyektinin vurulduğunu” təsdiqləyib.

Yanvarın 18-də Ukrayna PUA-ları Lyudinovo şəhərindəki neft anbarlarına və Tula vilayətinin Dedilovo kəndindəki "8 Mart Zavodu" federal müəssisəsinə zərbələr endirib.

Yanvarın 21-də Ukrayna PUA-ları Liski şəhərində daha əvvəl iki dəfə hücuma məruz qalmış neft emalı zavoduna hücum edib. Həmin gün Smolensk aviasiya zavodu da vurulub.

Yanvarın 24-də Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Ryazan Neft Emalı Zavodu və Ryazan İstilik Elektrik Stansiyası vurulub. Eyni gündə Bryanskdakı “Kremniy El” zavoduna zərbə endirilib.

Yanvarın 29-da PUA-lar Rusiya Federasiyasının Nijni Novqorod vilayətindəki Kstovo şəhərində “Lukoyl-Nijeqorodnefteorqsintez” müəssisəsinə hücum edib. Nəticədə, bu böyük müəssisədə yanğın baş verib, onun fəaliyyəti dayanıb. Yanvarın 31-də isə Volqoqradda neft anbarı vurulub.

Onu da qeyd edək ki, bu gün səhər Rusiyanın ən böyük sənaye müəssisələrindən biri olan Həştərxan Qaz Emalı Zavoduna PUA hücumu baş tutub. Zavodda güclü partlayış baş verib. AZAL bu səbəbdən Həştərxana uçuşları dayandırıb.

“AzPolitika.info”

1Sources