Xəbər verdiyimiz kimi, Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Rüfət Əzizovun tərcümeyi-halını təqdim edirik:
Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olmuşdur.
Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini almışdır.
2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olmuşdur (Chartered Scientist).
2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirmişdir.
Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etmişdir.
8 il (2005 - 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır.