EN

Diaspora təşkilatlarını, ayrı-ayrı fəalları tanıtmaq, onları vaxtaşırı Azərbaycana dəvət etmək lazımdır

Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həm də münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Bu səbəbdən də diaspor təşkilatlarının formalaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi hər zaman ölkənin prioritet məsələləri sırasında olub. Dünyanın çox sayda ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlandırılması istiqamətində ciddi addımlar atılıb.

Araşdırmaçı jurnalist Elman Cəfərli qəzetimizə müsahibəsində bildirdi ki, müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların milli maraqlarımızın müdafiəsi işinə cəlb edilməsi olub. Ulu öndər Heydər Əliyev hələ 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə bu işə böyük diqqət yetirir, xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ətrafında birləşməsinə çalışırdı:

“Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. 90-cı illərin əvvəllərində sanki unudulmuş, əslində isə olduqca önəmli olan diaspora qiuruculuğu tədricən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi.

Ulu öndər 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında güclü diasporanın yaranmasını zəruri hesab edirdi”.

Elman Cəfərli Prezident İlham Əliyevin də hər zaman diaspora quruculuğuna önəm verdiyini, həmvətənlərimizin beynəlxalq aləmdə müsbət reputasiyasının formalaşmasına diqqət ayırdığını qeyd etdi. Bildirdi ki, son 20 ildə Azərbaycan diasporu xeyli güclənib, dünyanın böyük dövlətlərində, xüsusi ilə siyasi mərkəzlərində sanballı diaspor təşkilatları yaranıb. Milli diasporamız öz gücünü xüsusilə 44 günlük müharibə zamanı da göstərdi:

“2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatlar əl atdı. Azərbaycanın qeyrətli oğulları şəhid oldu. Lakin ordumuzun güclü əks-həmləsi ilə düşmən geri oturduldu. Həmin günlərdə azərbaycanlılar ABŞ-da, Avropa ölkələrində səfirliklər və beynəlxalq təşkilatların ofisləri qarşısında aksiyalar keçirir, erməni terrorunu, işğalçı siyasətini pisləyən bəyanatlar verirdilər. Ermənilər də boş dayanmır, azərbaycanlı fəallarla hətta əlbəyaxa olur, aksiyalarımızı dağıtmağa çalışırdılar. Həmin günlərdə ABŞ-ın bir sıra şəhərlərində ermənilərlə azərbaycanlılar arasında toqquşmalar da oldu. Diaspora fəallarımız əsl fədakarlıq nümunəsi göstərdilər. Bütün bunlar onu göstərirdi ki, azərbaycanlılar artıq bir ideya ətrafında birləşməyi, lazımi anda dövlətin, milli maraqların yanında olmağı bacarırlar. Böyük zəfərlə bitən 44 günlük müharibə zamanı da soydaşlarımız ermənilərlə informasiya savaşında əhəmiyyətli rol oynadılar. Nüfuzlu diaspora təmsilçiləri dünyanın müxtəlif ölkələrində keçirilən toplantılara qatıldılar, Azərbaycanın haqq səsinə çevrildilər. Rusiya TV-lərində keçirilən debatlarda ermənilərlə mübarizə aparan, erməni işğalını, terrorunu ifşa edən diaspora fəallarımızı da unutmaq olmaz. Hesab edirəm ki, son illər soydaşlarımızın ana vətənlə bağları daha da möhkəmlənib. Köhnə umu-küsülər unudulub. Artıq hər kəs məsuliyyətini dərk edir, daha çox milli maraqlara xidmət etməyə çalışır. Lakin nöqsanlar da var. Bu barədə dəfələrlə kütləvi informasiya vasitələrində açıqlamalarla çıxış etmişik”.

Elman Cəfərli diaspora quruculuğundakı nöqsanlara da toxundu. Təəssüf hissi ilə qeyd etdi ki, bəzən xaricdə yaşayan soydaşlarımıza münasibətdə ayrı-seçkilik qoyulur:

“Niderlandda yaşayan diaspora fəalı Vüqar Abbasov son illər Azərbaycanda keçirilən tədbirlərə çağırılmır. Sanki ona qarşı bir ayrı-seçkilik var. Halbuki o, Niderland dilini mükəmməl bilir, yerli mətbuata çıxışı var. Yerli qəzetlərdə, portallarda Azərbaycanın maraqlarını qoruyan məqalələrlə çıxış edir. Dövr dəyişib, indi bu cür adamlara dəstək vermək lazımdır. Diaspora fəallarının qarşısında duran əsas vəzifələrdən biri də yerli cəmiyyətə inteqrasiya etmək, ictimai-siyasi proseslərdə iştirak etmək, seçkilərə qatılmaq, seçkili qurumlarda təmsil olunmaqdır”.

Elman Cəfərli bu istiqamətdə irəliləyişlərin olduğunu vurğuladı:

“Son illər İsvec, İsveçrə və digər Avropa ölkələrində bələdiyyə, əyalət parlamenti və digər seçkili orqanlara seçilən soydaşlarımızın sayı artıb. İranda bu il keçirilən prezident seçkilərində azərbaycanlı Məsud Pezeşkian qalib gəldi. Doğrudur, Güney Azərbaycan türkləri diaspor deyil, avtoxton xalqdır. Lakin bu hadisə soydaşlarımızın siyasi fəallığını artıran faktor oldu. Pezeşkian hökumət komandasına azərbaycanlıları cəlb etdi. Ümid edirik ki, bu hadisə İranda yaşayan azərbaycanlıların siyasi cəhətdən daha yetkin topluma çevrilməsi prosesini sürətləndirəcək. Bu hadisə eyni zamanda yaxın xaricdə yaşayan soydaşlarımızda siyasi aktivliyi artıra bilər. 80 milyonluq İranda azərbaycanlı prezident seçilirsə, 3 milyonluq Gürcüstanda niyə olmasın? Orada 500 minə yaxın soydaşımız yaşayır. Soydaşlarımız ictimai-siyasi proseslərdə aktiv olmalı, seçkilərdə fəal iştirak etməlidir. Bunun üçün bizim də üzərimizə düşən vəzifələr var. Gürcüstan, İran, Rusiya azərbaycanlıları ilə sıx işləməliyik. Onlar arasında mədəni əlaqələr gücləndirilməli, mənəvi körpülər yaradılmalıdır. İKT əsrində, sosial şəbəkələr dövründə bunu etmək daha da asanlaşıb. Məsələn, bir sıra ölkələrdə Azərbaycan dilində məktəblər, dərslik yoxdur. Lakin özləri dərslik, proqram hazırlayan fədakar müəllimlər var. Biz onların işini asanlaşdırmaq üçün elektron dərsliklər, video-kitablar hazırlamalı, sosial şəbəkə üzərindən onlara göndərməliyik”.

Araşdırmaçı jurnalist söhbət zamanı bir sıra təkliflərini də bildirdi. Qeyd etdi ki, Azərbaycan diasporunu gücləndirmək üçün soydaşlarımız sıx yaşayan ölkələrdə həftə sonu məktəblərin sayını artırmalıyıq:

“Diaspora təşkilatlarını, ayrı-ayrı fəalları tanıtmaq, onları vaxtaşırı Azərbaycana dəvət etmək lazımdır. Diasporanın fəaliyyətini müntəzəm işıqlandıran kütləvi informasiya vasitələrinin, media layihələrinin sayı artmalıdır.  Xarici ölkələrdə yaşayan, Azərbaycanın milli maraqları naminə keçirilən aksiyalarda fəallıq göstərən ayrı-ayrı şəxslərin fəaliyyəti stimullaşdırılmalı, onlara dövlət təltifləri verilməlidir. Azərbaycan dövləti, müvafiq qurumlar lobbiçik fəaliyyətinin genişlənməsinə də önəm verməlidir. Məsələn, xarici ölkələrdə yaşayan elə nüfuzlu yazıçılar, siyasətçilər var ki, onların bir sözü bəlkə də 10 təşkilatın illik fəaliyyətindən daha effektlidir. Bu cür adamları tapıb üzə çıxarmaq, onlarla müntəzəm işləmək lazımdır”.

Müsahibim qarşıda digər milli hədəflərimizin olduğuna da diqqət çəkdi:

“Torpaqlarımızı işğaldan azad etdik, Qarabağ münaqişəsi tarixə döndü. Lakin qarşımızda başqa milli hədəflərimiz də var. Azərbaycanın əsas əraziləri ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılmalı, Qərbi Azərbaycanlı soydaşlarımız tarixi yurdlarını qayıtmalıdır. Nə qədər ki, Azərbaycan dövləti və onun milli maraqları var, güclü diasporaya, lobbiyə ehtiyacımız olacaq”.

Elnurə İSAXAN

 

Chosen
7
herbiand.az

1Sources