EN

İki məsələyə görə Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranacaq- STRATFOR-un yarımçıq təhlili...

Image

Elşən Manafov: “Onlar rəsmi Bakının Ermənistan Konstitusiyası ilə bağlı tələblərindən xəbərdardılar”

Amerika kəşfiyyat və analitik mərkəzi “Stratfor” yeni nəşrində yaxın gələcəkdə Ermənistan-Azərbaycan eskalasiyası ehtimalını qiymətləndirib.

Mərkəzin təhlilində qeyd edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir faktı vurğulayır ki, tərəflər sazişin imzalanmasına nəzəri cəhətdən yaxın olsalar da, sərhədlərin delimitasiyası məsələləri imzalanmanı ləngidə bilər. Delimitasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında Ermənistan- Azərbaycan sərhədində gərginlik arta bilər. Amma amerikalı analitiklər yaxın gələcəkdə ciddi eskalasiya risqinin kifayət qədər aşağı səviyyədə qalacağını deyirlər. Həmçinin “Stratfor” qeyd edir ki, dəhliz və ya konstitusiyaya düzəlişlər kimi sülh sazişində nəzərdə tutulmayan məsələlər də sülh prosesini ləngidə bilər: “Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir həqiqəti vurğulayır ki, sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən yaxın olsa da, sərhədlərin demarkasiyası ilə bağlı çətinliklər bu prosesi gecikdirəcək. Eyni zamanda delimitasiya prosesi dayandırılsa, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər. Tərəflər, həmçinin, regionda dəhliz və Konstitusiyaya dəyişikliklər kimi sülh sazişinə daxil edilməyən məsələlərlə bağlı fikir ayrılıqlarını prosesin gecikdirilməsi üçün əsas kimi istifadə edə bilərlər”.

Göründüyü kimi, “Stratfor” yaxın gələcəkdə gərginliyin artacağını deməklə iki məsələni qeyd edir. Qeyd olunur ki, müqavilədə göstərilməyən Konstitusiyanın dəyişdirilməsi və regional dəhlizlərin açılmamasına görə eskalasiya ən yaxın zamanlarda arta bilər. Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyən Azərbaycandır. Regional dəhlizlərin də açılmasını istəyən Azərbaycandır. O baxımdan bu, əslində “Stratfor” tərəfindən dolayı yolla Azərbaycanı ittiham deyilmi ki, yaxınlarda yaranacaq gərginliyin səbəbkarı guya Azərbaycandır? Guya Azərbaycan bu iki məsələnin yerinə yetirilməməsinə görə gərginlik yarada bilər. Halbuki, hər iki məsələnin həll olunmamasına görə Ermənistanın məsuliyyət daşıdığını açıq deyə bilərdilər. Bunu niyə demirlər? Yeri gəldi-gəlmədi Azərbaycanı ittiham edirlər.

“Stratfor” tərəfindən bütün bunlara sükutla yanaşma onun mövqeyinin qərəzli olmasının göstəricisidir”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında “Stratfor”un qərəzli təhlil və proqnozla çıxış etməsini bir sıra faktorlarla əlaqələndirdi: “ABŞ-a məxsus analitik kəşfiyyat portalında Azərbaycan tərəfinin bölgədə gərginliyin artmasında maraqlı olan dövlət kimi təqdim edilməsi rəsmi Bakının münaqişənin tənzimlənməsi və ümumiyyətlə regional təhlükəsizliklə baglı siyasətinin təhrif edilməsindən başqa bir şey deyil. “Stratfor”un ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxınlığı konteksində belə bir məqalənin ciddi portalda işıq üzü görməsi təsadüfi sayıla bilməz. Əvvəla, Ermənistan ABŞ tərəfindən bölgədə əsas tərəfdaş dövlət olaraq qəbul edilir. Gürcüstanla Qərb arasında münasibətlərin kəskinləşməsi konteksində ABŞ-ın Ermənistana olan ehtiyacı daha da artıb. ABŞ bölgədəki mövcud geosiyasi reallıqların dəyişdirilməsində maraqlıdır. Lakin onun geosiyasi konfiqurasiyanı Moskva ilə münasibətlərdən uzaqlaşmaq hesabına dəyişmək təkliflərinə rəsmi Bakı özünün regional təhlükəsizlik maraqları konteksindən yanaşır. Rəsmi Bakı Kremllə münasibətlərdə Vaşinqtonu məmnun edəcək addımlar atmağı məqbul bilmir. Rusiyaya qarşı sanksiyalara qatılmır, əksinə, loqistika və ticarət, habelə, nəqliyyat dəhlizləri ilə bağlı sahələrdə əməkdaşlığa yüksək önəm verir. Rəsmi Bakının özünün dövlət maraqlarına hesablanan siyasəti isə, təbii ki, Vaşinqtonu razı salmır. Bundan əlavə, bu ilin əvvəlində Ermənistanla strateji tərəfdaşlıq barədə müqavilə imzalamaqla ABŞ özünün Cənubi Qafqazla bağlı siyasətində, xüsusilə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına hesablanmış siyasətində Ermənistanla əməkdaşlığa böyük önəm verir. Əslində Paşinyan rejiminin Ermənistanda hakimiyyətə gətirilməsində ABŞ-ın maraqları da onun regional siyasətindəki anti-Rusiya ritorikasından irəli gəlib. ABŞ-ın analitik kəşfiyyat portalı olaraq “Stratfor” rəsmi Bakının Ermənistan Konstitusiyasına niyə müvafiq dəyişikliklərin edilməsi tələbləri ilə çıxış etməsindən xəbərdardır. Belə ki, Ermənistanın müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanla sülh müqaviləsinin imzalanması isə konstitusiya aktındakı məlum iddialar referendum yolu ilə aradan götürülməyənə qədər ciddi hüquqi və siyasi əhəmiyyət kəsb etməyəcək. Yəni dayanıqlı və uzunmüddətli sülhə hüquqi təminat əldə edilmir. Odur ki, rəsmi Bakı sülh müqaviləsinin uzunmüddətli və dayanıqlı olmasının təmin olunması məqsədilə bu kimi təklifləri irəli sürməkdə haqlıdır. Digər tərəfdən, Ermənistan Azərbaycanla həmsərhəd bölgələrdə Avropa İttifaqı müşahidə komissiyasının Ermənistanın onlara verdiyi mandata müvafiq olaraq monitorinq aparmasını münaqişə tərəfləri arasında gərginliyin artmasına imkan verməyən hərəkəti kimi dəyərləndırır. Halbuki, Azərbaycan haqlı olaraq belə düşünür ki, üçüncü tərəfin regionda apardığı monitorinq heç də sülhə və təhlükəsizliyə xidmət etmir. Azərbaycan tərəfinin sərhədlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Aİ-nin xüsusi mülki müşahidə komissiyası tərəfindən izlənilməsi həmin məlumatların Ermənistan və Qərbin kəşfiyyat qurumlarına ötürülməsini düşunməyə əsas verir. Ermənistanın Aİ və xüsusilə Fransa tərəfindən silahlandırılması, son vaxtlar ABŞ-ın da bu proseslərdə fəal mövqe sərgiləməsi Avropa müşahidə komissiyasının tərəfsiz mövqe tutmaması ilə bağlı məsələlərə rəsmi Bakının şübhə ilə yanaşmasına əsas verir. “Stratfor” tərəfindən bütün bunlara sükutla yanaşma onun mövqeyinin qərəzli olmasının göstəricisidir”.

Vidadi ORDAHALLI





Chosen
14
baki-xeber.com

1Sources