Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Parlamentə ünvanlanmış və müzakirənizə təqdim olunmuş "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanun layihəsində təsbit edilməsi nəzərdə tutulan əlavə və dəyişiklikləri diqqətinizə çatdırmaq istəyirəm. Qeyd etmək istərdim ki, həssas qrupun sosial rifahının yaxılaşmasına yönələn layihə Əmək və sosial siyasət komitəsində birinci oxunuşda müzakirəyə çıxarılmışdır.
Modern.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova deyib.
O bildirib ki, əsas məqsəd əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir:
"Ümumiyyətlə, əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması onların cəmiyyətdə sosial-iqtisadi münasibətlərə inteqrasiyasının əsas vasitələrindəndir. Bu, eyni zamanda sosial sahibkarlıq fəaliyyətini təşviq etməklə yanaşı, həm də əlilliyi olan insanlara yaradıcılıq potensialını üzə çıxarmağa, həyata bağlılıq, özgüvənin artırılmasına, onların sosial adaptasiyasını gücləndirməsinə kömək edir. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti də bu sahənin inkişafına xüsusi töhfə verir.
Əlilliyi olan şəxslərin özünü məşğulluğunun stimullaşdırılması üçün hərtərəfli dəstəyin verilməsi, habelə onların hazırladığı məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması da mühüm addımlardandır. İnzibati maneələrin maksimum dərəcədə azaldılması, dövlət orqanlarına verilən hesabatların sadələşdirilməsi, həmçinin sosial sahibkarlıqla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi də bu sahədə əlavə stimuldur. Təbii ki, inkişaf edən rəqəmsal mühit imkanları daha da genişləndirir.
Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanmışdır. Layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə:
- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;
- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;
- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;
- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;
- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;
- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur. Hazırda Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyata alınması şərti ilə tətbiq olunacaq.
Layihənin icrası əlilliyi olan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına da təkan olacaq".