Futbol üzrə ölkə çempionatının 1-ci liqasında qış fasiləsi başa çatdı.
İlk turda həm də komandaların hazırlıq dönəmini necə keçirdiyi bilinəcəkdi. Bəribaşdan deyək ki, debütdə sensasiyalı nəticələr qeydə alındı. Favoritlərdən sayılan “Qəbələ”, “Karvan” və “İmişli” eyni gündə xal itirdi. Azarkeş dəstəyi ənənəvi qaydada idi. Karvan” – “Difai” matçını 2 min azarkeş izlədi.
Cümə axşamı MOİK – “İmişli”ni qəbul etdi. Qəzənfər Abbasovun komandası son dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən yararlanmaqla 3 xal qazanmağı bacardı. “Hərbçilər” bu qələbə hesabına turnir mövqeyini yaxşılaşdırmağı bacardı. Elitaya iddialı “Karvan” da xal itirdi. Özü də yevlaxlılar “Difai”nin qapısına bərabərlik qolunu sonuncu dəqiqədə vurdu.
İmkanları hamıdan yüksək dəyərləndirilən “Qəbələ” “doğma divarlar” arasında “Baku Sportinq”in qapısına yol tapa bilmədi.
Dünən keçirilən oyunlarda da maraqlı nəticələr qeydə alındı. “Qaradağ Lökbatan” bir neçə gün əvvəl baş məşqçisini dəyişən “Cəbrayıl”ın qapısından 2 cavabsız qol keçirdi. Yeri gəlmişkən, PFL-in media və marketinq direktoru Sənan Abdullayev oyundan əvvəl dekabrın ən yaxşı qolu üçün mükafatı “Cəbrayıl”ın hücumçusu Bilal İsmayılova təqdim etdi.
Qış fasiləsindən ən çox narazlı olan baş məşqçilərdən biri də Rüstəm Məmmədovdu. Maliyyə problemi ilə üzləşən komanda yoxlama oyunu da keçirə bilməmişdi. Amma “Zaqatala” “Mingəçevir”i məğlub etdi, yəni Füzuli Məmmədovun debütünü korladı.
1. Qəbələ 12 9 3 0 21-0 30
2. Karvan 12 8 2 2 30-15 26
3. İmişli 12 6 3 3 22-11 21
4. Zaqatala 12 5 4 3 19-17 19
5. MOİK 12 5 2 5 17-20 17
6. Cəbrayıl 12 4 2 6 11-12 14
7. Baku Sportinq 12 4 2 6 10-17 14
8. Qaradağ Lökbatan 12 3 2 7 13-24 11
9. Difai 12 2 3 7 16-27 9
10. Mingəçevir 12 1 3 8 1-26 6
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 9, Seyxan Fərəcov (İmişli) – 7.
ƏSƏD SEYİDOV