Ötən həftə ABŞ prezidenti Donald Tramp fələstinlilərin Qəzzadan Misir və İordaniyaya köçürülməsi zərurəti barədə üç dəfə ictimaiyyət qarşısında çıxış edib...
Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri amerikalı həmkarı Marko Rubioya məktub göndərərək fələstinlilərin Qəzza zolağından köçürülməsi planlarını tənqid ediblər.
Məktubda deyilir ki, fələstinlilər öz torpaqlarını tərk etmək istəmirlər və onların köçürülməsi münaqişəyə yeni təhlükəli ölçü əlavə edəcək. Məktub müəllifləri qeyd edirlər ki, regionda köçkünlərin sayının artması radikallaşma və iğtişaşlar riskini artıracaq. Eyni zamanda, sənəddə deyilir ki, Yaxın Şərq artıq çoxlu sayda köçkünlərlə yüklənib.
“Axios” portalının məlumatına görə, məktubu Dövlət Departamentinə beş ərəb ölkəsinin səfirləri təqdim ediblər. Sənədi bu dövlətlərin nazirləri ilə yanaşı, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əl-Şeyx də imzalayıb.
Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Donald Trampın təşəbbüsünü izah edərək bildirib ki, Qəzza zolağı hazırda “yaşamaq üçün yararsızdır” və döyüşlər nəticəsində yaranan dağıntılara görə genişmiqyaslı bərpa işlərinin aparılmasına ehtiyac var. Uitkoff hesab edir ki, Qəzzanın bərpası 10-15 il çəkə bilər. Şənbə günü, fevralın 1-də Tramp, Əbdülfəttah əs-Sisi ilə Qəzzanın yenidən yerləşdirilməsi ideyasını müzakirə edib.
Poliqon.info